Azedu.az

İbtidai sinif müəllimlərinin yazılarında biabırçı səhvlər - uşaqlara kim savad verəcək?

Xəbərlər

11 Sentyabr 2025, 09:12
İbtidai sinif müəllimlərinin yazılarında biabırçı səhvlər - uşaqlara kim savad verəcək?

Bu gün bəzi məktəblərdə şagirdlərə ana dilini öyrədən müəllimlərin böyük əksəriyyəti özləri düzgün yaza bilmirlər. Xüsusilə bu hal ibtidai sinif müəllimləri arasında daha çox müşahidə olunur. Sosial şəbəkələrdə hər hansı bir məsələyə münasibət bildirən müəllimlərin yazılarında ciddi və bəzən gülünc orfoqrafik səhvlərə rast gəlinir ki, bu da yalnız həmin müəllimin deyil, ümumilikdə müəllim adının nüfuzuna xələl gətirir.

Bu isə sual doğurur: biz niyə öz ana dilimizdə düzgün danışa bilmirik və ya danışmağa üstünlük vermirik?

Mövzu ilə bağlı AzEdu.az “Qanun” nəşriyyatının tərcüməçi-redaktoru, Aygün Əzizlə həmsöhbət olub.

167492

O bildirib ki, biliyi zəif olan müəllimlər bu peşədən uzaqlaşdırılmalıdır:

"Bu məsələdə müəllimlərin dərsə hazırlığı, pedaqoji peşə standartlarına uyğunluğu mühüm rol oynayır. Lakin ibtidai sinif müəllimlərinin səriştəsizliyi, biliklərinin zəif olması onların şagirdlərinin gələcəyinə böyük zərbədir. Savadlı yazı qabiliyyətinin olması üçün bünövrə düzgün qoyulmalıdır. Burada isə ilk növbədə müəllimin öz biliyi yüksək səviyyədə olmalı, peşəsinə məsuliyyətlə yanaşmalı və şagirdlərinə qayğı göstərməlidir. Müəllimlərin peşəkarlığının artırılması üçün onları mütəmadi olaraq ixtisasartırma kurslarına göndərmək vacibdir. Biliyi zəif olanlar isə sistemdən kənarlaşdırılmalıdır".

Bu məsələlərdə yumşaqlıq göstərmək bütöv bir şagird ordusunun savadsız böyüməsinə göz yummaq deməkdir:

"Sosial şəbəkələrdə və şəxsi yazışmalarda insanlar çox sərbəst davranırlar. Bu isə çoxlu qrammatik və orfoqrafik səhvlərin yayılmasına səbəb olur. Müasir texnologiyaların təsiri ilə yazı vərdişləri sadələşib və nəticədə düzgün yazıya laqeyd yanaşma adi hala çevrilib. Təəssüf ki, sosial şəbəkələrdə buna nəzarət etmək mümkün deyil. Bu, demək olar ki, bütün dünyada belədir. Ancaq hər kəs məsuliyyətli olsa, yazdığına diqqət yetirsə, belə xətalar azalar.

Ana dilində düzgün danışa bilməmək, söz ehtiyatının kasadlığı, yazılarda çoxlu səhvlərin olması mütaliənin zəifliyi, düzgün ədəbiyyat seçilməməsi, ailələrdə dialekt və şivələrdən istifadə kimi səbəblərlə bağlıdır. Müəllim belə hallardan yaranan səhvləri gördükdə, mütləq izah etməli və şagirdlərinə düzgün yazı və tələffüz qaydalarını öyrətməlidir. Əgər müəllimin öz nitqi və yazısı xətalarla doludursa, şagirdlərdən yaxşı nəticə gözləmək mümkün deyil. Bundan əlavə, bir çox valideynlər övladlarını rus, ingilis və türk məktəblərinə yönəldirlər".

Məktəblərdə mütaliə saatları təşkil edilməli, oxunan əsərlər şagirdlərlə müzakirə olunmalıdır:

"Əgər təhsil doğma dildə deyilsə, onda yalnız özümüzü qınamalıyıq. Müasir dünyada inteqrasiya prosesləri, xaricdə təhsilə üstünlük verilməsi əcnəbi dillərin öyrənilməsinə diqqəti artırır, ana dili isə ikinci plana keçir. Bu isə yolverilməzdir. Uşaqlara kiçik yaşlardan ana dilində danışmaq imkanı yaradılmalı, onlarda düzgün oxu və yazı vərdişləri formalaşdırılmalıdır. Məktəblərdə mütaliə saatları təşkil edilməli, oxunan əsərlər şagirdlərlə müzakirə olunmalı, müstəqil fikir söyləmə bacarığı formalaşdırılmalıdır. İmla, ifadə və inşa yazılarına xüsusi diqqət ayrılmalıdır.

Əksər insanlar vizual öyrənəndir: gördüyünü yaddaşında saxlayır. Ali məktəblərə qəbulun test üsulu ilə keçirilməsi bütün diqqəti testlərə yönəldir. Məktəblərdə hələ də əzbərçiliyə əsaslanan üsullar tətbiq olunur ki, bu da dil biliklərinin zəifləməsinə səbəb olur".

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox