Ötən gün bir məktəb direktoru öz ərizəsi ilə işdən ayrılıb. Səbəb olaraq isə 3 yaşlı övladı ilə yetərincə vaxt keçirə bilməməsi göstərilib. Bu da cəmiyyət tərəfindən müsbət qarşılanıb.
Valideynin övladından ayrı qalması hansı emosional boşluqlara səbəb ola bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, dövlət müəyyən şəraitlər yaratmalıdır:
"Əgər ana rəhbər vəzifədə çalışırsa, iş yerində balaca bir baxça şəraitində otaq yaradıla bilər. Bu zaman ana uşağını ora gətirib, həm işləyər, həm də uşağına nəzarət edə bilər. Həmçinin, rəhbər vəzifədə çalışanlara və ya övladı körpə olan işçilərə evdən işləmək imkanı verilməlidir. Bizdə hazırda saatla iş rejimi var: bu saatda gəlməlisən, bu saatda getməlisən. Bu rejim övladına kifayət qədər vaxt ayırmağa imkan vermir. Evdən işin bir hissəsini görmək imkanı yaradılmalıdır. Məzuniyyət isə yalnız yayda deyil, ilin istənilən vaxtında götürülə bilməlidir.
Üstəlik, bu məzuniyyət ödənişli olmalıdır. Özəl müəssisələrdə görürük ki, 11 ay işləyən işçini 1 ay pulsuz, maaşsız məzuniyyətə göndərirlər. Bu, insanı həm maddi, həm də psixoloji cəhətdən çətin vəziyyətə salır. Ümumiyyətlə, başqa ölkələri deyə bilmərəm, amma Azərbaycanda rəhbər vəzifədə çalışan bir insan elə bilir ki, o kreslo onun davamlı oturacağı yerdir və ölənə qədər orada qalmalıdır. Bu, ən böyük yanlış və atılan səhv addımdır. Hətta təqaüdə çıxıblar, lakin təqaüddə olduqları halda belə işləməyə davam edirlər. Bu, müəllimlərin bir çoxuna da aiddir. Son dövrlərdə bu sahədə sərt qərarlar tətbiq olunmağa başladığı üçün müəllimlər təqaüdə çıxanda işdən ayrılmaq məcburiyyətində qalırlar".
Psixoloq əlavə edib ki, gənc yaşda ana olan qadının rəhbər vəzifədə çalışması həddindən artıq çətin olur:
"Son vaxtlar dayələrlə bağlı da problemlər müşahidə edirik. Onların uşaqlara münasibəti ilə bağlı ciddi narahatlıqlar var. Uşaq aşağı yaşlarda anasından ayrı qalırsa və ana yetəri qədər diqqət, qayğı, sevgi göstərə bilmirsə, onda emosional problemlər yaranır. Ana ilə uşaq arasında emosional bağın qırılması baş verir. Bu isə uşaqda narahatlıq, ayrılıq qorxusu, tək qalmaq hissi və aqressiya yaradır.
Valideyndə isə günahkarlıq hissi formalaşır, özünü yetərsiz valideyn kimi hiss edir. Eyni zamanda, iş yükünü düzgün paylaşdırmaq lazımdır. Bu, çox önəmlidir. Bəzən biz iş yükünü düzgün paylaşdırmırıq: həftənin birinci, ikinci, üçüncü günləri işi daha az görürük, amma həftə sonuna iş daha çox qalır. Bu da işimizin daha da ağırlaşmasına səbəb olur. Ona görə də işi düzgün planlamaq vacibdir.
Bundan əlavə, bizdə atalar necədir? Ata övladına daha az vaxt ayırır, ana isə daha çox. Bu, düzgün yanaşma deyil. Ata və ana övladlarına bərabər vaxt ayırmalıdırlar. Yəni bu yük sadəcə ananın üzərinə düşməməlidir".