Azedu.az

Region universitetləri elmi fəaliyyət baxımından geridədir

Xəbərlər

10 Sentyabr 2025, 12:55
Region universitetləri elmi fəaliyyət baxımından geridədir

Bakı universitetlərində çalışan professor-müəllim heyətinin bir çoxu elmi fəaliyyətlə də məşğuldur. Onların elmi araşdırmaları, nəşr olunmuş məqalələri və beynəlxalq konfranslarda iştirakı olur.

Bəs region universitetlərində vəziyyət necədir? Oradakı akademik heyətin elmi fəaliyyəti, tədqiqat imkanları və beynəlxalq əməkdaşlıqları Bakı universitetləri ilə müqayisədə hansı səviyyədədir?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Vüsal Kərimli danışıb.

Ekspert qeyd edib ki, region universitetlərində elmi dərəcəli, potensiallı kadr çatışmazlığı mövcuddur:

"Ali təhsil müəssisələrinin, xüsusilə region universitetlərinin ən ciddi problemləri nədir sualına cavab axtaranda, son iki ilin aparılmış akkreditasiya nəticələri və hesabatlarına diqqət yetirdikdə, orada çox əhatəli problemlərin ortaya çıxdığını görürük.

Birincisi, elmi dərəcəli tələbatlara uyğun olaraq qanunvericilikdə ali təhsil müəssisəsinin və yaxud kafedranın, şöbənin formalaşması üçün hansı tələblər var? Bu zaman görünür ki, elmi dərəcəli müəllimlərin nisbəti aşağıdır, vəzifə tələblərində pozuntular var və vəzifə tutmuş şəxslərin akademik dərəcələrinin olmaması elmi istiqamətdə ciddi problemlər yaradır. Həm akkreditasiya meyarlarına baxanda, həm də digər meyarlar üzrə diqqət yetirdikdə, filial universitetlərinin mərkəz universitetlərindən eyni dərəcədə qiymətləndirilmədiyi ortaya çıxır".

Filial universiteti müstəqil şəkildə öz profilini yaradıb hər hansı reytinqlərdə iştirak edə bilmir:

"Düşünürəm ki, digər bir səbəbi filial universitetlərinin fəaliyyətinə dair qanunvericiliyin olmamasıdır. Filial universitet dedikdə nə nəzərdə tutulur? Ümumiyyətlə, qanunvericilikdə filial universiteti xarici ölkənin Azərbaycanda açdığı filial və ya Azərbaycan universitetlərinin xarici ölkələrdə açdığı filial kimi başa düşülür. Yəni, regionda bir universitet filialının açılması ilə bağlı qaydalar və tələblər yoxdur. Akkreditasiya aparılarkən filial universitetlərinin meyarlarının mərkəz universitetlərinin meyarları ilə eyniləşdirilməsi məsələsinə baxdıqda, təqdim edilən meyarlar tam şəkildə icra olunmur və buna nail olmaq mümkün deyil. Bu vəziyyət illərdir davam edir.

Belə ki, filial universitetlərinin beynəlimləşməsində kifayət qədər iradlar var. Bu zaman beynəlxalq əlaqələr şöbəsinin mövcudluğu sual altında qalır. Filial universiteti müstəqil şəkildə öz profilini yaradıb hər hansı reytinqlərdə iştirak edə bilmir. Məqalələr çap etdirərkən adətən mərkəz universitetinin adı ilə təqdim olunur. Bu da ciddi problemlər yaradır".

Filial universitetlərin yerləşdiyi şəhər və rayonlarda tədris və laboratoriya binalarının yetərsizliyi, standartlara cavab verməməsi də problem olaraq qalır:

"Ən böyük problemlərdən biri isə kadr çatışmazlığıdır. Yəni, regionlarda elmi dərəcəli, potensiallı kadr çatışmazlığı ciddi məsələdir. İnfrastruktur məsələlərində də problemlər var. Filial universitetlərin yerləşdiyi şəhər və rayonlarda tədris və laboratoriya binalarının yetərsizliyi, standartlara cavab verməməsi məsələləri hələ də aktuallığını qoruyur. Halbuki filial universitetlərindən alınan diplomlar mərkəzi universitetin diplomu ilə bərabər hesab edilir.

Düşünürəm ki, aidiyyəti qurumlar bu məsələyə diqqət etməli, filial universitetlərinin fəaliyyət qaydalarını yenidən gözdən keçirməli, onların mərkəzi universitetdən asılılığı və tabeçiliyi, həmçinin ştat cədvəlinin necə formalaşması ilə bağlı yeni qayda və əsasnamələr qəbul etməlidirlər".

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox