Azedu.az

Dil öyrənməyə 11 il niyə yetmir? - “Məktəb yalnız imtahana hazırlayır”

Xəbərlər

10 Sentyabr 2025, 11:23
Dil öyrənməyə 11 il niyə yetmir? - “Məktəb yalnız imtahana hazırlayır”

Uşaqlarda motivasiya yalnız “imtahan üçün öyrənmək” üzərində qurulmamalıdır. Şagirdlər bilməlidir ki, ingilis dili onların dünyaya açılan pəncərəsidir: təqaüdlər, xarici təhsil imkanları, beynəlxalq layihələr və yeni biliklərə çıxış bu dil vasitəsilə əldə olunur.

Bu sözləri AzEdu.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli söyləyib. 

167452

O qeyd edib ki, çox vaxt müəllimlərimiz özləri danışıq bacarığında yetərli təcrübəyə malik olmur və dərsi “imtahana hazırlıq” kimi aparırlar:

"Azərbaycanda ümumtəhsil məktəblərində xarici dil, xüsusilə də ingilis dilinin tədrisində nəzərdə tutulan nəticələrlə faktiki mənzərə arasında ciddi fərqlər var. İstər Elm və Təhsil Nazirliyinin, istərsə də Dövlət İmtahan Mərkəzinin CFA (Ümumi Avropa Dil Çərçivəsi) üzrə müəyyən etdiyi hədəflər şagirdlərin inkişafı baxımından olduqca düzgün istiqamətdir, amma praktikada həmin nəticələri kütləvi şəkildə əldə etmək hələ ki, mümkün olmur.

Bunun bir neçə səbəbi var. Əvvəla, dərs saatlarının sayı, dərslərin təşkil forması və metodikanın hələ də ənənəvi yanaşmalara əsaslanması şagirdlərin dili yalnız nəzəri bilik səviyyəsində öyrənməsinə gətirib çıxarır. Dili yalnız qaydalar və qrammatika üzərindən öyrətmək, danışıq bacarığını isə kölgədə qoymaq nəticədə motivasiyanı aşağı salır. Halbuki dil canlı ünsiyyət vasitəsidir və uşaqların ən çox ehtiyac duyduğu şey real kommunikasiya mühitidir".

Təcrübə göstərir ki, şagirdlər dili yalnız sinif otağında deyil, gündəlik həyatında da istifadə edə bildikdə sürətli nəticə əldə edirlər:

"İkincisi, müəllim hazırlığı məsələsi xüsusi vurğulanmalıdır. Çox vaxt müəllimlərimiz özləri danışıq bacarığında yetərli təcrübəyə malik olmur və dərsi “imtahana hazırlıq” kimi aparırlar. Halbuki yeni dərsliklərdə təqdim olunan “Game Changer” yanaşması məhz oyun əsaslı, kommunikativ və müasir pedaqoji texnologiyalara əsaslanır. Bu, şagirdlərin motivasiyasını artırmaq üçün çox mühüm addımdır, lakin müəllimlərin həmin yanaşmanı praktikada necə tətbiq etməsi həlledici olacaq.

Üçüncü mühüm amil şagirdlərin məktəbdən kənarda da dilə çıxış imkanlarının məhdud olmasıdır. Təcrübə göstərir ki, şagirdlər dili yalnız sinif otağında deyil, gündəlik həyatında da istifadə edə bildikdə sürətli nəticə əldə edirlər. Bizdə isə çox vaxt ingilis dili ancaq dərs vəsaiti ilə məhdudlaşır. Müasir dövrdə texnologiyadan, mobil tətbiqlərdən, filmlərdən, musiqidən, oyunlardan və onlayn mübadilə proqramlarından istifadə imkanları çox genişdir, amma məktəblərimizdə bu istiqamətdə sistemli təşviqat yoxdur".

Dərsliklər dəyişsə də, sistem dəyişməsə, illərdir müşahidə olunan A1-A2 səviyyəsində ilişib qalma problemi davam edəcək:

"Maraq məsələsinə gəldikdə isə, uşaqlarda motivasiya yalnız “imtahan üçün öyrənmək” üzərində qurulmamalıdır. Şagirdlər bilməlidir ki, ingilis dili onların dünyaya açılan pəncərəsidir: təqaüdlər, xarici təhsil imkanları, beynəlxalq layihələr və yeni biliklərə çıxış bu dil vasitəsilə əldə olunur. Bu mesaj onlara həm müəllim, həm valideyn, həm də media tərəfindən aşılanmalıdır.

Nəticə etibarilə, məktəblərdə xarici dil səviyyəsini yüksəltmək üçün üç əsas istiqamətə ciddi diqqət ayrılmalıdır: müəllimlərin praktik ünsiyyət bacarıqlarının artırılması və müasir metodlara yiyələnməsi, dərs prosesinin kommunikativ və tətbiqi xarakter daşıması, həmçinin məktəbdənkənar mühitdə uşaqlar üçün real dil istifadəsi imkanlarının yaradılması. Əks halda, dərsliklər dəyişsə də, sistem dəyişməsə, illərdir müşahidə olunan A1-A2 səviyyəsində ilişib qalma problemi davam edəcək".

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox