Ali məktəblərdə yeni tədris ilinin başlanmasına çox az vaxt qalıb. Artıq məlumdur ki, minlərlə abituriyent tələbə adını qazanıb. Bu gənclər arasında rayonlardan gələn tələbələr də var. Onlar üçün universitet mühitinə, yeni şəhərə uyğunlaşmaq bir sözlə, adaptasiya prosesi müəyyən qədər çətin görünə bilər.
Biz adətən şagirdlərin məktəbə necə uyğunlaşmasından danışırıq. Bəs tələbələr necə? Uzunmüddətli hazırlıq prosesindən sonra universitet həyatına qədəm qoyan bu gənclər yeni mərhələyə öz həyatlarını qorxmadan idarə etməyə necə uyğunlaşmalıdır?
Mövzu ilə bağlı AzEdu.az-a psixoloq Nizami Orucov danışıb.
Onun sözlərinə görə, rayonlardan gələn gənclər üçün şəhər həyatı, yataqxana və ya kirayə həyatına alışmaq, yeni dostlar qazanmaq, akademik məsuliyyətlərlə yanaşı gündəlik qayğıları idarə etmək ciddi dəyişiklikdir:
"Ali məktəbə yeni qəbul olunan tələbələr üçün ilk aylarda uyğunlaşma prosesi təbii olaraq müəyyən qədər çətin ola bilər. Çünki onlar həm yeni təhsil mühitinə, həm də fərqli həyat tərzinə addım atırlar. Xüsusilə rayonlardan gələn gənclər üçün şəhər həyatı, yataqxana və ya kirayə həyatına alışmaq, yeni dostlar qazanmaq, akademik məsuliyyətlərlə yanaşı gündəlik qayğıları idarə etmək ciddi dəyişiklikdir".
Bu dövrdə ən önəmli məqam tələbələrin özlərini tək hiss etməmələridir:
"Universitet mühitində aktiv olmaq, müəllim və qrup yoldaşları ilə ünsiyyətdən çəkinməmək, tələbə təşkilatlarına qoşulmaq adaptasiyanı asanlaşdırır. Eyni zamanda, vaxtın düzgün idarə olunması - dərslərlə şəxsi həyat arasında balans yaratmaq tələbələrin həm psixoloji, həm də sosial baxımdan güclü qalmasına kömək edir.
Ən əsası isə tələbələr anlamalıdırlar ki, uyğunlaşma birdən-birə baş vermir. Bu, bir prosesdir və hər kəsin fərdi sürəti var. Özlərinə vaxt tanımaq, dəstək almaqdan çəkinməmək və real hədəflər qoymaq onların bu yeni mərhələyə qorxusuz şəkildə addım atmasını təmin edəcək".