Azedu.az

TİF ilə Azərbaycan–Türkiyə İş adamları Birliyi arasında görüş keçirilib

Xəbərlər

8 Sentyabr 2025, 17:40
TİF ilə Azərbaycan–Türkiyə İş adamları Birliyi arasında görüş keçirilib

Sentyabrın 4-də Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri Elnur Nəsibov və Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Azərbaycan–Türkiyə İş adamları Birliyinin qonağı olublar.

AzEdu.az xəbər verir ki, görüşdə Azərbaycan–Türkiyə İş adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvləri Rafiq Qarayev, Nigar Ələsgərova, “Coca-Cola Azərbaycan” şirkətinin İctimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Türkan Manaflı və Birliyin Katibliyinin rəhbəri Mehriban Əsədli iştirak edib.

İlk olaraq, Elnur Nəsibov Fondun fəaliyyət istiqamətləri barədə məlumat verib. O, dövlət-özəl tərəfdaşlığına xüsusi önəm verdiklərini bildirib. Fondun yerli və beynəlxalq qurumlarla icra etdiyi təqaüd və təcrübə proqramları, davamlı inkişaf mərkəzləri, eləcə də tələbələrin sosial həyatına dəstək layihələri haqqında danışıb. Elnur Nəsibov həmçinin qeyd edib ki, əməkdaşlıqlar çərçivəsində 7 məktəb binasının tikintisinə başlanılıb, növbəti mərhələdə isə tələbə yataqxanalarının infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur.

Daha sonra Mürsəl Rüstəmov ATİB-in təsis məqsədləri və fəaliyyəti barədə danışıb. O, birliyin iki ölkənin iqtisadi və sosial-mədəni inkişafına töhfə verməyi prioritet saydığını bildirib. Sədr həm dövlət, həm də vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa açıq olduqlarını, Fondla birgə fəaliyyətin də faydalı olacağına əminliyini vurğulayıb.

Görüşdə əmək bazarının tələblərinə uyğun kadr hazırlığında problemlər, ölkənin gələcək inkişafı naminə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün görülməli işlər, habelə digər məsələlər müzakirə olunub.

Sonda bu istiqamətdə dövlət-özəl tərəfdaşlığının vacibliyi barədə ortaq fikrə gələn tərəflər Əməkdaşlıq Memorandumunun imzalanmasına dair razılıq əldə ediblər.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox