Hindistanın Pencab ştatında son həftələrdə müşahidə olunan güclü musson yağışları və daşqınlar səbəbilə bağlanan məktəblər bu gündən etibarən mərhələli şəkildə fəaliyyətə başlayır. Təhlükəsizlik məqsədilə 27 avqustdan etibarən tədris müəssisələrinin fəaliyyəti dayandırılmışdı.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, 8 sentyabrda yalnız müəllimlər və məktəb işçilərinin iştirakı ilə məktəblərin binaları yoxlanılır, təmizlik və texniki baxış işləri aparılır. Səlahiyyətli orqanlar, xüsusilə rayon rəhbərləri (DCs), hər bir məktəbin şəraitini ayrı-ayrılıqda dəyərləndirərək şagirdlərin qayıdışı üçün qərar verəcəklər.
Təhsil Nazirliyinin açıqlamasına əsasən, əgər hər hansı məktəbdə infrastruktur təhlükəsiz hesab olunarsa, həmin məktəb 9 sentyabr tarixində şagirdlər üçün yenidən açılacaq. Lakin daha çox zərər görmüş ərazilərdə məktəblərin açılması bir qədər gecikdirilə bilər.
Bu tədbirlər, təbii fəlakət sonrası təhsil sisteminin təhlükəsiz və davamlı şəkildə bərpası məqsədi daşıyır.