Azedu.az

“Şirin qorxular” uşağa zərər verir - psixoloqdan AÇIQLAMA

Xəbərlər

8 Sentyabr 2025, 16:59
“Şirin qorxular” uşağa zərər verir - psixoloqdan AÇIQLAMA

Çox vaxt uşaqlarda qorxuların yaranmasında valideynlərin, nənə-babaların və ya evdəki böyük bacı-qardaşların təsiri olur. Onlar bilmədən uşağa qorxu hissini yaşadırlar. Məsələn, valideynin hansısa məqamlarda öz qorxusunu uşağa ötürməsi sonradan həmin uşaq böyüdükcə müxtəlif çətinliklər yaradır.

Bu fikirləri psixoloq Aytən Ələkbərova AzEdu.az-a açıqlamasında bildirib.

167334

"Ən böyük qorxular çox vaxt uşağın ətrafındakı özündən böyük bacı, qardaş, əmioğlu, dayıoğlu və ya qonşu uşaqları tərəfindən formalaşdırılır. Bu isə gələcəkdə ciddi fəsadlara səbəb ola bilir. Bizə müraciət edənlərin çoxunda da qorxuların məhz belə mənbələrdən yarandığını görürük. Maraqlısı budur ki, əsas qorxular bəzən valideynin yaratdığı qorxular olur.

Məsələn, uşağa qarşı “yemək yeməsən, səni it aparacaq” kimi ifadələr işlədilir. Uşaq real həyatda itdən qorxduğu zaman bunun əksini - ananın onu qoruduğunu, bağrına basdığını görəndə şüuraltında valideynin daim qoruyucu olduğu düşüncəsi formalaşır. Amma elə hallara da rast gəlirik ki, valideynin əsəb pozuntuları, sinir gərginliyi səbəbindən uşaq ciddi travma yaşayır. Ananın uşağı qapının arxasında saxlayaraq “xoxanlar gəlib səni aparsın” deməsi onda itirilmək qorxusunu yaradır. Belə uşaqlar bağçaya və məktəbə gedəndə tək qalmaqdan qorxur, çox ağlayır və valideynindən ayrılmaq istəmir.

Əslində qorxular iki cür olur: instinktiv və yaradılmış. Məsələn, körpə ananın qucağında olarkən ana yıxılacaqmış kimi büdrədikdə uşaq refleks olaraq qorxunu hiss edir. Amma bilərəkdən yaradılan qorxular daha təhlükəlidir. Təəssüf ki, valideynlər bunun fəsadlarını dərk etmədən uşaqlarına yaşadırlar.

Valideynlər övladlarını özündən böyük uşaqlarla oynayarkən mütləq diqqətdə saxlamalıdır. Rollu oyunlarda belə, uşağın davranışını izləyib, onda qorxu yaradan məqamları vaxtında görməlidirlər. Bəzən valideyn özü bunun səbəbini anlamır və çıxış yolu olaraq uşağı psixoloqa aparır. Psixoloq isə qısa müddətdə bunun kökünü tapır.

Məsələn, elə bir hadisə olmuşdu ki, uşaq yeməkdən imtina edirdi. Araşdırmada məlum oldu ki, ana əsəbi vaxtında atasına “səni zəhərləyəcəyəm, öldürəcəyəm” deyib. Bu sözlər uşağın yaddaşında qalaraq yeməyə qarşı qorxu və inamsızlıq yaradıb. Başqa hallarda isə uşağı nənə-babanın yanına qoymaq, valideynlərdən uzaq saxlamaq, telefon və planşetlə başını qatmaq kimi davranışlar da onda depressiya və küskünlük yaradır.

Beləliklə, uşağın qorxularını böyütmək əvəzinə, onları düzgün istiqamətləndirmək lazımdır. Cəza vasitəsi kimi “şirin qorxular” yaratmaq doğru deyil. Uşaqlar cinayətkar deyil ki, cəzalandırılsınlar. Sadəcə, müəyyən məqamlarda onlara düzgün şəkildə “yox” demək, qaydaları öyrətmək kifayətdir. Bu yolla biz gələcəkdə daha ağır fəsadların qarşısını ala bilərik".

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox