Məktəblərdə Azərbaycan dilinin tədris keyfiyyəti həm müəllimlərin peşəkarlığı, həm də istifadə olunan dərsliklərin məzmunu ilə sıx bağlıdır. Dərsliklərin dili şagirdlərin yaş və səviyyəsinə uyğun olmalı, onların anlama və qavrama imkanlarını artırmalıdır. Lakin mövcud dərsliklərdə bəzən mürəkkəb ifadələr və aktual olmayan mövzular şagirdlərin dərsə marağını azalda bilər.
Görəsən, məktəblərdə Azərbaycan dilinin tədris keyfiyyəti və dərsliklərin dili şagirdlərin qavrayacağı səviyyəyə uyğun şəkildə təqdim olunurmu?
AzEdu.az-a mövzu ilə bağlı “İlin gənc müəllimi” müsabiqəsinin qalibi, Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor Əlihüseyn Yaqubov danışıb:
"Hazırda, xüsusilə sertifikasiya imtahanından sonra bu istiqamətdə müsbət addımlar atılıb. Müəllimlərin əksəriyyəti nəzəri bilikləri yüksək səviyyədə olan müəllimlərdir. Xüsusilə oxuyub-anlama bacarığı ilə bağlı son dövrlərdə 4 və 6-cı siniflərə əlavə imtahanların, eləcə də 9-11-ci siniflərdə bu tip imtahanların keçirilməsi şagirdlərin oxuyub-anlama bacarıqlarının artırılmasına və beynəlxalq standartlara uyğunlaşdırılmasına kömək edir. Bu sahədə ciddi dəyişikliklər müşahidə olunur".
Qrammatik qaydalar dərsliklərdən kənarlaşdırılıb
"Məsələn, Azərbaycan dili dərsliklərində oxuyub-anlama materialları ilə yanaşı, 9-cu sinif dərsliyində qrammatik qaydalar şagirdlər üçün yetərincə əhatə olunmayıb. Qrammatik qaydalar demək olar ki, dərsliklərdən çıxarılıb və yalnız çox kiçik hissələrdə təqdim olunur. Bu isə müəllimlərin şagirdlərə qrammatikanı öyrətməsində çətinlik yaradır. Fikrimcə, qrammatik qaydaların bu qədər azaldılması müsbət hal deyil".
Orta məktəblər üçün əlavə materiallara ehtiyac var
"Məsələn, DİM və ali məktəblərə hazırlıq materialları Elm və Təhsil Nazirliyi səviyyəsində tövsiyə olunsa, bu materiallardan istifadə edilə bilər. Məncə, bu daha məqsədəuyğun olar, nəinki uşaqların əlavə əziyyət çəkməsi. Əks halda, şagirdlər əlavə vəsait almağa məcbur olur, bu da onların kitab və fiziki yükünü artırır.
Sertifikasiya imtahanlarının növbəti mərhələsində müəllimlərə də oxuyub-anlama ilə bağlı tapşırıqların verilməsi məqsədəuyğun olardı. Bu, həm müəllimlərin bacarıqlarını inkişaf etdirər, həm də şagirdlərin imtahanlara daha yaxşı hazırlanmasına töhfə verər. Eyni zamanda, müəllimlər yalnız qrammatika ilə bağlı suallarla deyil, oxuyub-anlama sualları ilə də qiymətləndirilsə, bu daha effektiv olar. Bu həm şagirdlərin öyrənmə keyfiyyətinə, həm də müəllimlərin müasir təhsil standartlarına uyğunlaşmasına ciddi təsir göstərə bilər.
Çünki beynəlxalq qiymətləndirmələrdə əsas diqqət oxuyub-anlama, riyaziyyat və təbiət fənlərinə yönəlib. Təəssüf ki, Azərbaycan bu qiymətləndirmələrdə yüksək pillələrdə deyil və bu, ölkəmizin hələ dünya ilə tam ayaqlaşa bilmədiyini göstərir.