Birləşmiş Ərəb Əmirliklərinin Təhsil Nazirliyi 2025–2026-cı tədris ili üçün məktəblərdə yeni və daha ciddi davamiyyət siyasətinin tətbiqinə başlayıb. Yeni qaydalar çərçivəsində şagirdlərin dərslərdə iştirakı real vaxtda izlənəcək və valideynlərə davamiyyətlə bağlı anında xəbərdarlıqlar göndəriləcək.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Nazirliyin yaydığı açıqlamada bildirilir ki, yeni sistemin əsas məqsədi təhsil müəssisələrində nizam-intizamı artırmaq, valideyn-məktəb əməkdaşlığını gücləndirmək və şagirdlərin dərsə davamiyyətini maksimuma çatdırmaqdır. Davamiyyət göstəriciləri eyni zamanda akademik qiymətləndirmələrdə də nəzərə alınacaq.
Yenilənmiş qaydalar yalnız davamiyyətlə məhdudlaşmır. Təhsil Nazirliyi qiymətləndirmə və imtahan sistemində də islahatlara start verib. Süni intellekt (AI) əsaslı kurikulum genişləndirilərək müxtəlif fənlərə inteqrasiya olunur. Bu yanaşma, şagirdlərin texnologiya ilə erkən yaşlardan tanış olmasını və rəqəmsal bacarıqlarının inkişafını hədəfləyir.
Bundan əlavə, erkən yaşlı uşaqlar üçün ərəb dili və İslam təhsilinin gücləndirilməsi də yeni təhsil siyasətinin əsas prioritetlərindən biridir.