Yunanıstanda doğum səviyyəsinin sürətlə azalması təhsil sisteminə də təsir göstərib.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata əsasən, ölkənin Təhsil Nazirliyinin məlumatına görə, 2025-2026-cı tədris ilində 750-dən çox məktəb, yəni ümumi məktəblərin təxminən 5 faizindən artıq hissəsi fəaliyyətini dayandıracaq.
Qərarın əsas səbəbi şagird sayının minimum normativ göstəricini təmin etməməsidir. Yunanıstan qanunvericiliyinə görə, bir sinifdə ən azı 15 şagird olmalıdır. Lakin doğum göstəricilərinin aşağı düşməsi nəticəsində bəzi bölgələrdə bu say təmin olunmur.
Rəqəmlər göstərir ki, son 7 ildə ölkədə ibtidai təhsil səviyyəsində şagirdlərin sayı 111 min nəfər azalıb. Bu isə ümumilikdə 19 faizlik geriləmə deməkdir.
Təhsil naziri Sofiya Zaxaraki vəziyyəti belə şərh edib: “Sinif otaqlarımız doğum otaqlarımızın vəziyyətini əks etdirir. Onilliklərdir davam edən doğum azalması indi təhsildə öz təsirini göstərir.”
Mütəxəssislər hesab edirlər ki, əgər bu demoqrafik tendensiya davam edərsə, qarşıdakı illərdə Yunanıstanda təhsil sistemində daha ciddi struktur dəyişiklikləri qaçılmaz olacaq.