Azedu.az

Ofisiant və xadimə işləyən tələbədən necə mütəxəssis olacaq? - ekspertdən sərt AÇIQLAMA

Xəbərlər

5 Sentyabr 2025, 15:01
Ofisiant və xadimə işləyən tələbədən necə mütəxəssis olacaq? - ekspertdən sərt AÇIQLAMA

Artıq ali məktəblərdə dərslərin başlamasına az bir zaman qalıb. Bu isə yataqxana, maliyyə və sosial problemləri gündəmə gətirir. Bir neçə ay əvvəl tələbə təqaüdləri artırılsa da, tələbələr bu məbləğin gündəlik xərcləri qarşılamaq üçün kifayət etmədiyini bildirirlər. Üstəlik, nəzərə alsaq ki, bütün tələbələr təqaüd almır, vəziyyət daha da çətinləşir.

Təqaüdsüz tələbələr öz xərclərini qarşılamaq üçün işləmək istəsələr də, bir çox müəssisə onların tələbə statusunu səbəb göstərərək iş verməkdən imtina edir. Digər tərəfdən, işləyən tələbələr dərslərindən geri qalmaq riski ilə üzləşirlər.

Belə olan halda tələbələr həm təhsildə uğurlu olmaq, həm də maddi ehtiyaclarını qarşılamaq üçün hansı çıxış yolunu seçməlidir?

Mövzu ilə bağlı AzEdu.az iqtisadçı ekspert Günay Hüseynova ilə həmsöhbət olub.

Ofisiant və xadimə işləyən tələbədən hansı mütəxəssislik gözləmək olar?

"Tələbələrin problemlərini dilə gətirərək onların iqtisadi və sosial rifahının yaxşılaşdırılması yönündə hər il öz iqtisadi təkliflərimizi versək də, təəssüf ki, icraatda köklü dəyişikliyə nail ola bilməmişik. Oxumağa, təhsilə və elmə marağın yüksək səviyyədə olması, hər il ali təhsil almaq istəyən abituriyentlərin sayının artması həqiqətən çox sevindiricidir. Onların hər biri iqtisadi səmərədir.

Nəzərə almaq lazımdır ki, biz əksər sahələrdə mütəxəssis qıtlığı yaşayırıq və əsas səbəb beyin axınıdır. Bu gün iqtisadçı olaraq onların rifahının yaxşılaşdırılması üçün təklif verməliyik, qurumlar isə icra etməlidir. Üzərində haqqımız olmayan tələbəyə necə deyə bilərik ki, iqtisadiyyatımızı dirçəlt, sənayemizi inkişaf etdir və ya ölkədə qal, bizə faydalı ol?!".

Bu gün Azərbaycan təhsil sistemində böyük ali təhsil "ordusu" var:

"Tələbələrin üzləşdiyi maddi problemlərə gəldikdə isə bu, hər il daha da çətinləşir. Bir az da dövlətdən nəsə gözləmək yox, bunu bir vətəndaş olaraq özümüz etməliyik. Regionlarda da universitet və filiallar var. Yəni Bakıda oxumağa büdcəsi olmayan tələbə orada da təhsil ala bilər. Nəzərə alsaq ki, paytaxt Bakıya nisbətən rayonlarda maddi baxımdan daha uyğundur. Hətta təklif edərdim ki, qeydiyyat olduğu regiona əsasən avtomatik olaraq universitet seçimi edilsin. Maddi çətinliyin ola biləcəyini ehtimal edib sonradan şikayətlənmək yersizdir.

Tələbələrin həm təhsil alması, həm də maddi ehtiyaclarını təmin etməsinə gəldikdə isə bu qəbul edilməzdir. Oxuyub işləyə bilər, ancaq öz ixtisası üzrə işləməsi daha məqsədəuyğundur. Ofisiant və xadimə işləyən tələbədən hansı mütəxəssislik gözləmək olar?! Ali təhsil təkcə diplom parçası olmamalıdır. Bu gün Azərbaycan təhsil sistemində böyük ali təhsil "ordusu" var".

Azərbaycan tələbəsinə layiq olduğu həyat və şəraiti təmin edək ki, sabah deyə bilək: ay həkim, müəllim, iqtisadçı və ya hüquqşünas, səni dövlət büdcəsi maliyyələşdirib, işini düzgün icra et:

"Onların bir qisminin savadı yoxdur, savadlı olanların da "day-dayı" yoxdur, qalıblar ortalıqda. Qalan qismi imtahan verib sertifikat alıb qalıb, ehtiyat kadr kimi. Az-çox imkanı olanlar isə xaricə üz tutub. Bəs savadı olmayan diplomlular kimə lazımdır? Həmin savadı olmayanların əlindən vətəndaş qalır.

Yuxarıda qeyd etdiyim kimi, biz Azərbaycan tələbəsinə layiq olduğu həyat və şəraiti təmin edək ki, sabah deyə bilək: ay həkim, müəllim, iqtisadçı və ya hüquqşünas, səni dövlət büdcəsi maliyyələşdirib, işini düzgün icra et".

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox