Azedu.az

Abituriyentlərə xəbərdarlıq: növbəti il qəbul daha da çətinləşəcək?

Xəbərlər

Təhsil ekspertləri

Tələbələr

5 Sentyabr 2025, 11:53
Abituriyentlərə xəbərdarlıq: növbəti il qəbul daha da çətinləşəcək?

Bu il həm ali məktəblərə, həm də kolleclərə keçid ballarında nəzərəçarpan artım qeydə alındı. Nəticədə qəbul ola bilməyən abituriyentlərin sayı da artdı və rəqabət daha da gərginləşdi. 

Növbəti il imtahan verəcək abituriyentlərin qəbul şansı azalacaqmı?

AzEdu.az mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev ilə həmsöhbət olub. 

Onun sözlərinə görə növbəti il qəbul prosesinə hazırlaşan abituriyentlər blok imtahanlarına xüsusi diqqət yetirməlidirlər. Sadəcə buraxılış imtahanı ilə kifayətlənmək olmaz.

"Bu il həqiqətən də qəbul prosesi çox gərgin keçdi. İlkin olaraq biz artıq mart ayında elektron ərizə təqdim edib, Ali və Orta İxtisas Təhsil Müəssisələrinin müsabiqəsində iştirak edən abituriyentlərin sayından bunu təxmin edə bilirdik. Çünki əvvəlki illərlə müqayisədə ciddi artım var idi. Əvvəlki illərlə müqayisədə haradasa 5-6 minə yaxın ümumi elektron ərizə təqdim edən abituriyentlərin çoxluğu, eləcə də imtahanlardakı vəziyyət, müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı bu il qəbul prosesinin ümumilikdə gərgin keçməsinə səbəb oldu.

1-ci ixtisas qrupunu çıxsaq, 2, 3 və 4-cü ixtisas qruplarında bal artımları müşahidə olundu. Xüsusilə 3-cü və 4-cü qruplarda təxminən 50 bala qədər artımın şahidi olduq. 1-ci ixtisas qrupunda riyaziyyat-kimya alt qrupunun bəzi ixtisaslarında bal artımı müşahidə olunsa da, bəzi ixtisaslarda ciddi bal düşüş hiss olundu. Riyaziyyat-informatika alt qrupunda da həm bal artımı, həm də bal düşüşü müşahidə olundu".

Kolleclərin də keçid ballarında artım müşahidə edildi.

"1-ci ixtisas qrupunda vəziyyət nisbətən normal keçdi. Bu qrupda müraciət edənlərin əksəriyyəti qəbul olunub. Boş qalan yerlərdən də görünür ki, müsabiqə şərtlərini ödəyən və blok imtahanda 100 balı keçən abituriyentlərdən yalnız 4 nəfər qəbul olmayıb. Qalanların hamısı ali təhsil müəssisələrinə qəbul olub. 2-ci ixtisas qrupunda da abituriyentlərin böyük əksəriyyəti tələbə adını qazanıb. Qəbul olmayanların sayı təxminən 38 nəfərdir. 3-cü və 4-cü ixtisas qruplarında isə vəziyyət gərgin olub.

Kolleclərə gəldikdə isə keçid ballarında nəzərəçarpan artım müşahidə olunur. Keçən il 90-95 bal civarında olan özəl kolleclərin keçid balları bu il 100-dən yuxarı qalxıb və təxminən 105-110 bal aralığında dəyişir. Bu, 10-15, bəzən 20 bal artım deməkdir. Artımın əsas səbəbi ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin kolleclərə yönəlməsidir ki, bu da gözlənilən hal idi. Əvvəlcədən də qeyd edilmişdi ki, kolleclərə maraq artacaq və ballar yüksələcək".

Gələn ilə bağlı proqnoz vermək isə bu mərhələdə çətindir.

"Növbəti il buraxılış sinfində olan abituriyentlərin sayı, onlardan nə qədərinin elektron ərizə təqdim edəcəyi, ali və orta ixtisas təhsil müəssisələrində təhsil almağı planlaşdıracağı bilinmir. Eyni zamanda subbakalavrların sayı da bəlli deyil. Bu il kəsilənlərin nə qədərinin gələn il yenidən qəbul prosesində iştirak edəcəyi də məlum deyil.

Şahid olduğum qədər, xüsusilə 3-cü və 4-cü ixtisas qruplarında yüksək bal toplayan bəzi abituriyentlər qəbul olunmadıqları üçün növbəti il təkrar iştirak etməyi planlaşdırırlar. Məsələn, 600-dən çox bal toplayan, lakin boş qalan yerlərdə istədiyi ixtisas olmadığı üçün sənəd verməyən abituriyentlər oldu. Bu şəxslər keçən ilin ballarına əsasən seçim etdikləri üçün bu il qəbul ola bilmədilər".

Xüsusilə 4-cü qrup üzrə tibb ixtisasına sənəd verənlər arasında 610-620 bal toplayan abituriyentlər var idi ki, onlar yalnız tibb ixtisasını yazmış və qəbul olunacaqlarını düşünmüşdülər.

"Bu il tibb ixtisasına keçid balı 624 oldu. Lakin onlar keçən ilki balların üzərinə bu il artım gələcəyini nəzərə almadıqları, yəni statistik analiz aparmadıqları üçün qəbul ola bilmədilər. Bu isə onu göstərir ki, yüksək bal toplayan abituriyentlər belə ixtisas seçimində diqqətli olmalı, statistik göstəricilərə əsaslanmalı və yalnız bir ixtisas yazmaqdan çəkinməlidirlər. Ümumilikdə bu il qəbul prosesi, xüsusilə də 3-cü və 4-cü qruplarda çox gərgin keçdi. 1-ci və 2-ci ixtisas qruplarında isə müsabiqə şərtlərini ödəyənlərin böyük əksəriyyəti qəbul olundu.

Dövlət İmtahan Mərkəzinin statistik jurnalında göstərilir ki, blok imtahanından 100 balı keçən və müsabiqə şərtlərini ödəyən abituriyentlərdən yalnız 4 nəfər 1-ci qrupda qəbul ola bilməyib. Eyni ilə subbakalavrların qəbulu da 1-ci və 2-ci ixtisas qruplarında nisbətən asan olub. Əsasən 3-cü və 4-cü ixtisas qruplarında kəsilən abituriyentlərin əksəriyyəti blok imtahanında 100 balı keçə bilməyənlərdir.

Buna görə də növbəti il qəbul prosesinə hazırlaşan abituriyentlər blok imtahanlarına xüsusi diqqət yetirməlidirlər. Sadəcə buraxılış imtahanı ilə kifayətlənmək olmaz. 5-ci ixtisas qrupuna müraciət edənlər isə xüsusilə qabiliyyət imtahanına diqqət yetirməlidirlər. Bu il bəzi qabiliyyət ixtisaslarında keçid balı maksimum 10 bala qədər yüksəldi ki, bu da indiyə qədər görünməmiş haldır.

Nəticə olaraq, növbəti il üçün daha dəqiq proqnozları mart-aprel aylarında vermək mümkün olacaq".

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox