Azedu.az

Ali məktəblərə yüksək balla qəbul olmuş məzunlar mükafatlandırılıb

Xəbərlər

4 Sentyabr 2025, 20:23
Ali məktəblərə yüksək balla qəbul olmuş məzunlar mükafatlandırılıb

‎Şəki Heydər Əliyev Mərkəzində rayon üzrə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlarla, həmçinin respublika fənn olimpiadalarının və digər müsabiqələrin qalibləri ilə görüş keçirilib. Tədbirdə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, təhsil işçiləri, şəhid ailələrinin üzvləri, qazilər və valideynlər iştirak ediblər.

AzEdu.az xəbər verir ki, əvvəlcə qonaqlar Şəki şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyublar.

‎Şəki rayonu üzrə təhsil sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

‎Şəki rayonu üzrə Təhsil Sektorunun müdiri Zamik Cəbiyev 2024-2025-ci tədris ilinin yekunları və təhsil sahəsində əldə olunmuş nəticələrə dair məruzə ilə çıxış edib.

‎Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini bildirib, Şəkidə elmə, təhsilə həmişə böyük maraq olduğunu vurğulayıb, tələbə adını qazanan məzunları təbrik edib, gənclərə dövlətini sevən əsl vətəndaş olmağı arzulayıb.

‎Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova tələbə adını qazanan məzunları təbrik edib, onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etmələrini arzulayıb. Diqqətə çatdırılıb ki, təhsilə göstərilən dövlət qayğısı nəticəsində bu il regionun təhsil ocaqlarının məzunları ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanıblar.

‎Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədr müavini Turana Kərimova çıxış edərək bildirib ki, gənclərin qazandığı uğurlar müəllimlərin gərgin əməyinin, valideynlərin dəstəyi və dövlətin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir. Komitə sədri yüksək nəticə göstərmiş məzun və şagirdləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

‎Əməkdar müəllim Dursun Cavadova çıxış edərək  tələbə adını qazanmış məzunları təbrik edib, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıb.

‎Respublika Fənn Olimpiadasının bürünc medalçısı, Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Orxan Abdulsəmədli çıxış edərək təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

‎Sonra Şəki rayonu üzrə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunların, respublika fənn olimpiadalarının və digər müsabiqələrin qaliblərinin, həmçinin tədris ilinin yekunlarına əsasən, qızıl və gümüş nişanla təltif olunanların mükafatlandırılması mərasimi olub.

‎Tədbir bədii hissə ilə başa çatıb.

‎Qeyd edək ki, 2024–2025-ci tədris ilində buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələri üzrə ümumilikdə 176 məzun 600-dən yuxarı bal toplayıb. Onlardan Şəki rayonunda 67, Qəbələ rayonunda 57, Zaqatala rayonunda 22, Qax rayonunda 12, Balakən rayonunda 10, Oğuz rayonunda isə 8 məzun yüksək nəticə göstərib.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox