Azedu.az

Atestatla xaricdə təhsil əvvəlki qədər populyar DEYİL

Xəbərlər

Xaricdə Təhsil

4 Sentyabr 2025, 14:14
Atestatla xaricdə təhsil əvvəlki qədər populyar DEYİL

Xaricdə atestatla təhsil almaq abituriyent və valideynlərin seçimləri arasında yer alır. Lakin bu proses dövlət xətti ilə həyata keçirilmədikdə, həmin diplomların Azərbaycanda tanınması çətinləşir.

Hazırda ölkəmizdə atestatla xaricdə təhsilə maraq artır, yoxsa əksinə, kifayət qədər azalıb?

Mövzu ilə bağlı AzEdu.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli danışıb.

Ekspert qeyd edib ki, əvvəlki illərdə atestatla xaricdə təhsil daha kütləvi bir tendensiya idisə, indi bu proses daha şüurlu və məqsədyönlü forma alıb:

"Hazırda abituriyentlərin atestatla xaricdə təhsil almağa marağında əvvəlki illərlə müqayisədə müəyyən dəyişikliklər müşahidə olunur. Bir neçə il öncə əsas məqsəd sadəcə ölkə xaricində oxumaq idisə, indi həm abituriyentlər, həm də valideynlər bu məsələyə daha ehtiyatlı və selektiv yanaşırlar. Əvvəla, dövlət xətti ilə olmayan təhsil proqramlarında ən böyük sual diplomların tanınması ilə bağlıdır. Çünki Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xarici universitetləri yoxlayaraq siyahı təqdim edir və yalnız həmin siyahıya daxil olan universitetlərin diplomları Azərbaycanda tanınır. Siyahıya düşməyənlər isə gələcəkdə əmək bazarına daxil olmaq və ya növbəti təhsil pilləsinə davam etmək baxımından ciddi çətinlik yaradır.

Digər mühüm məqam odur ki, bu prosesə marağın artmasının səbəblərindən biri oğlan abituriyentlərin hərbi xidmətdən möhlət hüququ qazanmaq istəyidir. Yəni bəziləri atestatla xarici universitetlərə müraciət edərək daha çox bu imkandan faydalanmağa çalışırlar. Ancaq qeyd olunmalıdır ki, belə universitetlərdə qəbul proseduru çox asan görünsə də, təhsilin davamı və uğurla bitirmə mərhələsi kifayət qədər çətin olur. Bu da tələbələr üçün əlavə stress və risklər yaradır".

Gənclər artıq sadəcə xaricdə oxumaq deyil, tanınan universitetdə keyfiyyətli proqram üzrə təhsil almaq prinsipinə üstünlük verirlər.

"Üstəlik, valideynlər artıq daha çox nəticə yönümlü düşünürlər. Hansı ölkədə keyfiyyətli təhsil almaq, hansı universitetlərin diplomunun beynəlxalq səviyyədə qəbul olunması və Azərbaycanda tanınması - bütün bunlar seçimdə əsas meyar kimi çıxış edir. İqtisadi faktorlar, viza və yaşayış xərclərinin artması da marağın azalmasına təsir göstərir. Amma Türkiyə, Macarıstan, Polşa kimi ölkələrdə münasib təhsil haqqı və daha şəffaf tanınma mexanizmləri marağı sabit saxlayır.

Nəticə etibarilə, əvvəlki illərdə atestatla xaricdə təhsil daha kütləvi bir tendensiya idisə, indi bu proses daha şüurlu və məqsədyönlü forma alıb. Gənclər sadəcə “xaricdə oxumaq” deyil, “tanınan universitetdə keyfiyyətli proqram üzrə təhsil almaq” prinsipinə üstünlük verirlər. TKTA-nın maarifləndirici fəaliyyətləri də abituriyent və valideynlərin daha düzgün qərar verməsinə yardım edir".

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox