Böyük Britaniyada 16 yaşdan kiçik uşaqlara kofein miqdarı hər litrdə 150 mq-dan çox olan enerji içkilərinin satışına qadağa qoyulması ilə bağlı məsləhətləşmələrə başlanılıb.
AzEdu.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Enerji içkiləri zərərsiz görünə bilər, amma bu içkilər müasir uşaqların yuxusu, diqqət qabiliyyəti və inkişıafına zərər verir, yüksək şəkər tərkibli versiyaları isə piylənməyə səbəb olur", – deyə səhiyyə naziri Ues Striting bildirib.
Araşdırmalara görə, hər gün təxminən 100 min uşaq ən azı bir enerji içkisi istehlak edir və bu da onların yuxusuna, dərs müvəffəqiyyətinə və psixi sağlamlığına mənfi təsir göstərir. Təhsil naziri Bridcit Fillipson əlavə edib ki, bu tədbir "tarixdə sağlam nəsil formalaşdırılması yolunda daha bir addım" olacaq.
Valideynlər və müəllimlər tərəfindən dəstəklənən bu qadağa 40 min uşağın piylənməsinin qarşısını ala və gələcəkdə xəstəliklərin müalicəsi üçün on milyonlarla funt qənaət etməyə imkan verə bilər.