Bəzi valideyinlər əmziyin azyaşlılar üçün zərərli olduğunu düşünür, bəziləri isə uşağın sakit qalması üçün onun istifadəsinin vacib olduğunu hesab edir. Ancaq uzun müddət əmzikdən istifadə edən və hətta ona bağımlı olan uşaqların çənə və damaqlarında əyriliklərin yarandığını iddia edən valideynlər də az deyil.
Bu vəziyyətdə sual yaranır: valideyinlər övladlarına əmzik verməlidirmi? Ümumiyyətlə, neçə yaşa qədər əmzikdən istifadə etmək düzgündür?
Mövzu ilə bağlı AzEdu.az pediatr Şəlalə Poluxova ilə həmsöhbət olub.
O qeyd edib ki, ilk 3-4 həftə ərzində süd verməni tam təşviq edənə qədər əmzikdən istifadə tövsiyə edilmir:
"Düzdür, bu barədə müxtəlif yanaşmalar, "olmaz" deyənlər də var, "olur" deyənlər də. Bəzi valideynlər faydasını nəzərə alaraq istifadə edir, digərləri isə riskləri əsas gətirərək tərəddüd edirlər. Əsas məsələ “olar ya olmaz” mövzusuna qapanmaq deyil. Əsas olan bu iki yanaşma arasında elmi əsaslara söykənən balanslı qərar verə bilməkdir. Bu baxımdan, valideynlərə tövsiyələrimizi təqdim edərkən etibarlı və beynəlxalq səviyyədə qəbul olunmuş mənbələrdən məlumat verməliyik.
Ən çox istinad etdiyimiz qurumlardan biri Amerika Pediatriya Akademiyası (American Academy of Pediatrics) və Amerika Uşaq Stomatologiya Akademiyasıdır (American Academy of Pediatric Dentistry). Bu qurumların tövsiyələrinə əsaslanaraq, əmzik istifadəsinə dair bəzi faydaları və riskləri bölüşmək istərdim.
Əvvəlcə faydalarından başlayaq:
Amerika Pediatriya Akademiyasına görə, əmziyin yuxu zamanı istifadəsi ani körpə ölümü sindromu (SIDS) riskini azalda bilər. Bu səbəbdən də, yalnız yuxu zamanı istifadə tövsiyə olunur. Bəzi hallarda, məsələn, ağrılı prosedurlar zamanı qan analizi və ya damar yolu açıldıqdan sonra körpələri sakitləşdirmək üçün əmzik faydalı ola bilər. Vaxtından əvvəl doğulan (prematür) körpələrdə əmzik, əmmə refleksini formalaşdırmağa kömək edə bilər. Əmzik bəzən barmaq yeyən uşaqlarda bu vərdişin qarşısını almağa da kömək edə bilər. Aparılan bəzi araşdırmalar göstərir ki, əmzik istifadə edən körpələrdə barmaq əmərək sakitləşmə vərdişi daha az müşahidə olunur.
İndi isə risklərə keçək:
Amerika Pediatriya Akademiyası qeyd edir ki, əmzik istifadəsi yalnız yuxu zamanı tövsiyə olunur. Xüsusilə ilk 3-4 həftə ərzində, yəni ana südü ilə qidalanma tam formalaşmamışkən, əmzik istifadəsi məsləhət görülmür. Çünki bu dövrdə körpənin döşü düzgün qavraması və süd əmmə bacarığı hələ tam inkişaf etməmiş olur. Bu, xüsusilə vaxtından əvvəl doğulan körpələrdə daha da çətinlik yarada bilər. Bu səbəbdən kğrpənin əmmə bacarığı tam formalaşmamış əmzikdən istifadəni məsləhət görmürük taki, bu vərdiş formalaşıncayadək. Qeyd etdiyim ki, artıq körpənin 3-4 həfəsindən sonra yuxu zamanı əmzik verilə bilər.
Daha bir risk isə qulaq infeksiyalarıdır. 6 aydan sonra əmzikdən istifadə orta qulaq infeksiyası ehtimalını artıra bilər. Bu səbəbdən, bu dövrdən sonra əmzik istifadəsinin tədricən azaldılması məsləhət görülür. Həmçinin, 18 aydan sonra əmzik istifadə edən uşaqlarda anterior open bite, cross bite kimi çənə və diş düzümü pozuntularına səbəb ola bilər. Ancaq 3 yaşından əvvəl əmzik istifadəsinin dayandırılması bu kimi problemlrin qarşısını azda olsa ala bilər. Ümumilikdə isə əmziyi nə qədər tez tərgitsə uşaq bir o qədər yaxşıdır.
Həmçinin əmzik mikrobların toplanması üçün bir vasitəyə çevrilə bilər. Hər istifadədən əvvəl düzgün təmizlənmədikdə, infeksiyalara yol aça bilər. Bəzən hətta sterilizə və ya antimikrob vasitələrdən istifadə tələb edir bu da valideyn üçün əlavə iş deməkdir.
Yaş dövrünə görə valideyinlərlə bir sra tövsiyələrimi bölüşmək istərdim:
İlk 3-4 həftə ərzində süd verməni tam təşviq edənə qədər əmzikdən istifadə tövsiyə edilmir. Artıq 4 həftəsindən sonra yuxu zamanı əmzikdən istifadə ani körpə ölümü sindromunu azaldır. Bu sırf Amerika Pediatriya Akademiyasının tövsiyəsidir.
6-12 ay arasında əmzik istifadəsi qulaq infeksiya riskini artırdığı üçün tədricən azaldılmalıdır. Artıq 12-18 ay arası əmziyin tamamilə dayandırılması tövsiyə olunur. 2 yaşdan sonra əmzik istifadəsi ciddi şəkildə diş və qulaq problemlərinə səbəb ola bilər. Bu yaşdan sonra istifadə ümumiyyətlə məsləhət görülmür.
Əmzikdən ayrıma prosesi mərhələli şəkildə məcbur etmədən, sevgi ilə aparılmalıdır. Uşağın özünü sakitləşdirmək üçün alternativ vasitələr təqdim oluna bilər. Valideyinlər müraciət edirlər ki, uşaq özünü əmzik ilə sakitləşdirir ondan ayırsaq nə edək? Bu zaman müxtəlif musiqilər, yumşaq oyuncaqlar və ən əsası, valideynin sevgisi və diqqəti ilə birdən birə deyil, mərhələli şəkildə əzikdən uzaqlaşdırmaq olar.