Azərbaycanda müxtəlif banklar hazırda uşaqlar üçün fərqli adlarla bank kartları buraxırlar. Fikrimcə, bu kartlar uşaqlara maliyyə savadlılığının artırılmasında, maliyyə idarəetməsinin öyrədilməsində vacib rol oynayır. Belə ki, uşaqlar ilk dəfə öz cib xərcliyini bu kartlar vasitəsilə idarə etməyi və xərcləməyi öyrənir.
Bu fikirləri hüquqşünas Babək Umudov AzEdu.az-a açıqlamasında bildirib.
Qanunvericilik nə deyir?
"Banklar adətən 6-7 yaşdan 17 yaşa qədər uşaqlar üçün plastik kartlar verirlər. Bunun da səbəbi qanunvericilikdəki yaş məhdudiyyətləridir. Belə ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən fiziki şəxslər 18 yaşına çatdıqda yetkinlik yaşına çatmış hesab edilir. 18 yaşına qədər şəxslər isə uşaq sayılır. 7 yaşınadək olan azyaşlıların fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır.
Ancaq nəzərə almaq lazımdır ki, kart hüquqi baxımdan valideynin adına olur və valideyn tərəfindən idarə olunur. Belə ki, əslində bu kartlar uşağın valideyninin adına açılmış bank kartına əlavə kartdır və əsas kartdan asılıdır. Valideyn övladının xərclərini nəzarətdə saxlamaq və artıq xərclərin qarşısını almaq məqsədi ilə kartla əməliyyatların məbləğinə gündəlik, həftəlik və ya aylıq limit təyin edə bilər, kartı bloklaya və aktivləşdirə bilər.
Bundan əlavə qeyd etmək lazımdır ki, aşağıda sadalanan əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış uşaqların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır.
Notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmayan əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur;
Qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdlər.
14 yaşı tamam olmamış uşaqların əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər.
14-18 yaş arası uşaqlar aşağıda göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin - valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür uşağın bağladığı əqd sonradan qanuni nümayəndə tərəfindən bəyənildikdə də etibarlıdır:
Öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam vermək;
Elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirmək;
Xırda məişət əqdləri və 14 yaşınadək uşaqların bağlamasına icazə verilən yuxarıda qeyd edilən digər əqdlər bağlamaq.
14-18 yaş arası uşaqlar bağladıqları yuxarıda göstərilən əqdlər üzrə müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar və vurduqları ziyana görə məsuliyyət daşıyırlar.
Yuxarıda qeyd edilənlərə əsasən, 7-14 yaş arası uşaqların adına bank kartının açılması qanunvericiliyə ziddir və belə kartlar yalnız qanuni nümayəndənin - valideyn, övladlığa götürən və qəyyumun adına açılmış karta əlavə kart ola bilər.
14 yaşından 18 yaşınadək uşaqların adına isə qanunu nümayəndənin yazılı razılığı ilə bank kartı açıla bilər. Bu halda həmin bank kartı ilə uşağın aparacağı əməliyyatlara görə ilk növbədə uşaq özü, habelə qanunvericilikdə göstərilən hallarda onun qanuni nümayəndəsi də məsuliyyət daşıyacaqdır".