Azedu.az

Yüksək gözləntilər gənclərdə özgüvən problemi yaradır - PSİXOLOQ

Xəbərlər

2 Sentyabr 2025, 09:22
Yüksək gözləntilər gənclərdə özgüvən problemi yaradır - PSİXOLOQ

Gənclik dövründə ən çox hiss edilən istəklərdən biri müstəqillikdir. Bu mərhələdə gənc öz qərarlarını vermək, həyatını idarə etmək və azad şəkildə seçim etmək istəyir.

Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Aydan Məmmədova bildirib.

Onun sözlərinə görə, sağlam inkişaf üçün gəncə səhv etmək, öyrənmək və təcrübədən keçmək imkanı verilməlidir:

"Lakin ailələrin bir çoxunda valideynlərin gözləntiləri, istəkləri və bəzən də sərt qaydaları gəncin bu arzusu ilə toqquşur. Bu ziddiyyətlər isə həm emosional, həm də sosial inkişafda müxtəlif çətinliklər yarada bilər. Əvvəla, belə vəziyyətdə gənc özünü sıxışdırılmış və anlaşılmamış hiss edə bilər. Bu, onda qəzəb, narazılıq və ya tam əksinə, passivlik və geri çəkilmə yaradır. Zamanla ailəyə qarşı etimad zəifləyir, ünsiyyət azalır və emosional gərginlik artır".

Ailə gəncin fikirlərini dinləyib onun seçimlərinə hörmət göstərdikdə və eyni zamanda dəstək verdikdə, bu, həm emosional sabitlik, həm də sağlam sosial münasibətlərin formalaşmasına kömək edir.

"Digər tərəfdən, bu ziddiyyətlər sosial inkişafı da təsirləndirir. Müstəqilliyi məhdudlaşdırılan gənc bəzən qərar verməkdə çətinlik çəkir, çünki hər zaman ailənin təsiri altında olub. Bəzən isə tam əksinə, özünü sübut etmək üçün riskli addımlar atır, səhv dost çevrəsinə yönəlir və ya radikal davranışlar sərgiləyir. Əgər ailə gözləntiləri çox yüksək tutursa, gənc daim özünü kifayət qədər yaxşı görmür. Bu isə özgüvən probleminə, daim “başqasının təsdiqinə ehtiyac” hissinə səbəb olur. Halbuki sağlam inkişaf üçün gəncə səhv etmək, öyrənmək və təcrübədən keçmək imkanı verilməlidir.

Nəticə olaraq, müstəqillik arzusu ilə ailə gözləntiləri arasındakı balans çox vacibdir. Ailə gəncin fikirlərinə hörmət edib dəstək göstərdikdə bu, onun həm emosional, həm də sosial inkişafına müsbət təsir edir. Əks halda, ailə ilə gənc arasında daimi münaqişələr yaranır ki, bu da uzunmüddətli psixoloji problemlərə yol aça bilər".

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox