Avqustun 30-da Günəşi tərk etmiş tac kütlə atılmalarının (TKA) təsiri ilə sentyabrın 1-3-də zəif (G1)-güclü (G3) geomaqnit qasırğası gözlənilir.
Bu barədə AzEdu.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, əgər sonradan gələn digər TKA-nın da təsir əlavə olunarsa, qasırğanın G4 (şiddətli) səviyyəsinə yüksəlməsi ehtimalı var.
Sentyabrın 1-7-də C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək olacağı gözlənilir. Həmçinin 10 MeV-dən çox enerji yüklü proton selinin də S1 səviyyəsinədək yüksəlmə ehtimalı var.
Günəş küləyi sürətinin mənfi qütblü tac dəliklərinin axınlarının və həmçinin 30 avqustda atılmış TKA-nın təsiri ilə artacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 5-80%, orta coğrafi enliklərdə isə 25-30%-dir.