Ağdamda valideynləri tərəfindən uşaqlara qarşı baş verən zorakılıq hadisəsi ictimaiyyətdə böyük narahatlıq yaradıb. Əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə hissəsini dişləyərək ona xəsarət yetiriblər. Oxşar hadisə daha öncə də baş verdiyi üçün uşaq müalicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb, lakin sonradan valideynlərinə qaytarılıb.
AzEdu.az-ın məlumatına görə, məsələ ilə bağlı Nəsimi Rayon Məhkəməsindən bildirilib ki, 13.09.2023-cü il təvəllüdlü Musa Rəhimov xalası Şahanə Ağayeva tərəfindən işgəncəyə məruz qaldığı üçün Sosial Xidmətlər Agentliyinin 22 iyul 2024-cü il tarixli qərarı ilə Körpələr Evinə yerləşdirilib.
Ağdam Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qərarı ilə anlaqsız vəziyyətdə əməl törətmiş Şahanə Ağayeva barəsində tibbi xarakterli məcburi tədbir tətbiq olunub.
Bundan əlavə, həmin məhkəmənin 12 mart 2025-ci il tarixli qətnaməsi ilə valideynlər – Rəhimov Sadiq Azay oğlu və Rəhimova Sevinc Telman qızının nikahı pozulub və azyaşlının anasının yanında saxlanılması müəyyən edilib.
Bundan sonra Sevinc Rəhimova Nəsimi Rayon Məhkəməsinə müraciət edərək övladının Körpələr Evindən götürülərək ona verilməsini xahiş edib. Məhkəmə iclasında 1 saylı Körpələr Evinin nümayəndəsi iddia tələbinə etiraz etməyib, Sosial Xidmətlər Agentliyinin nümayəndəsi isə uşağın valideyn himayəsinə qaytarılmasına hüquqi məhdudiyyət olmadığını bildirib.
Nəticədə Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli qətnaməsi ilə Musa Rəhimovun Körpələr Evindən alınaraq anası Sevinc Rəhimovaya verilməsi qərara alınıb.
Qeyd edək ki, iki azyaşlı övladını döyən ata saxlanılıb, ağır xəsarət alan uşaqlar isə hazırda xəstəxanada müalicə olunurlar. Uşaqların anasının isə hazırda hamilə olduğu bildirilir.