Son illərdə dünyada evdə təhsil (homeschooling) getdikcə daha çox diqqət çəkməyə başlayıb. Valideynlər uşaqlarının fərdi ehtiyaclarına uyğun təhsil almasını təmin etmək, məktəblərdəki zorakılıq və təzyiqlərdən uzaq durmaq, həmçinin daha çevik təhsil modeli seçmək məqsədilə bu sistemə üstünlük verirlər. Lakin hər ölkədə evdə təhsilin qanunvericiliyi və yayılma səviyyəsi fərqlidir.
AzEdu.az-ın araşdırmasına görə, evdə təhsil ən çox aşağıdakı ölkələrdə yayılıb:
Amerika Birləşmiş Ştatlarında təxminən 2,5–3,7 milyon şagird evdə təhsil alır və bu, dünyada ən yüksək göstəricidir. Valideynlər əsasən təhsil sistemindən narazılıq, təhlükəsizlik məsələləri və fərdi təhsil ehtiyacları səbəbindən bu üsulu seçirlər.
2013-2018-ci illərdə Birləşmiş Krallıqda evdə təhsil alan şagirdlərin sayı 130 faiz artaraq 97,600-ə çatıb. Valideynlər məktəblərdə zorakılıq və dəstək çatışmazlığı səbəbi ilə bu variantı üstün tuturlar.
Avstraliyada 30,000-dən çox şagird evdə təhsil alır. Hər əyalət öz qanunvericiliyinə malik olsa da, homeschooling qanunidir və valideynlər geniş azadlıqdan istifadə edə bilirlər.
Kanadada evdə təhsil hər əyalətdə qanunidir və təxminən 60,000 şagird bu modeldə təhsil alır. Valideynlər uşaqlarının fərdi ehtiyaclarına uyğun təhsil almasını təmin etmək üçün bu sistemi seçirlər.
1996-cı ildən etibarən Cənubi Afrikada evdə təhsil qanunidir və ölkədə homeschooling sürətlə inkişaf edir. 2011-ci ildə təxminən 57,000 şagird evdə təhsil alıb.
Bəzi ölkələrdə evdə təhsil qadağan edilib və uşaqların məktəbə getməsi məcburidir. Məsələn, Almaniya, İsveç və Qambiyada valideynlər uşaqlarını evdə təhsil vermək istəsələr, hüquqi çətinliklərlə üzləşirlər.