Uşaqların sosiallaşması və psixoloji inkişafı onların yaşadığı mühitlə sıx bağlıdır. Ailələrin tez-tez köçməsi, iş və ya yaşayış yerini dəyişməsi isə bu prosesdə əlavə çətinliklər yarada bilər. Xüsusilə də polis və hərbiçi ailələrində bu hal daha çox müşahidə olunur və uşaqların adaptasiya imkanlarını birbaşa təsir altında saxlayır.
Bəs valideynlərin yaşayış və ya iş yerlərini tez-tez dəyişməsi uşaqlar üçün sadəcə yeni məktəb və mühit deməkdirmi, yoxsa bu hal onların sosiallaşmasına, psixoloji inkişafına və gələcək şəxsiyyət formalaşmasına ciddi təsirlər göstərə bilərmi?
Mövzu ilə bağlı AzEdu.az-a danışan psixoloq Aytən Əliyeva bildirib ki, bu hal uşaqlara ilkin travmalar yaşayırlar. Əgər bu, onların ibtidai sinif dövründə baş verirsə, uşaqları yeni mühitə daha tez uyğunlaşdırmaq mümkündür. Amma yeniyetməlik dövründə vəziyyət fərqlidir. Çünki bu mərhələ insanın özünü tanıma, dərk etmə, hormonların dəyişməsi ilə müşayiət olunur.
Şəxsiyyətin formalaşmasına təsir edir
"İnsan öz daxilində belə müəyyən çətinlikləri qəbul etməkdə çətinlik çəkdiyi halda, yaşayış yerinin və məktəbin dəyişməsi əlavə problemlər yaradır. Məsələn, başqa məktəbdə intellektual və emosional baxımdan daha üstün olan bir şagird, yeni mühitdə basqılarla üzləşərək özünü təsdiq etməkdə çətinlik çəkə bilər. Bu prosesdə şəxsiyyətin formalaşması risk altına düşür və nəticədə neqativ hallar ortaya çıxır.
Bəzən bu dəyişikliklər uşaqlarda mutizmə səbəb olur. Əgər bu total mutizm şəklindədirsə, uşaq yeni məktəbdə ümumiyyətlə heç kimlə ünsiyyət qurmaq istəmir. Selektiv mutizm olduqda isə uşaq yalnız özünə yaxın hiss etdiyi insanlarla münasibət saxlayır. Hətta müəllimlərin belə onu qəbul etməkdə çətinlik çəkdiyi hallar müşahidə olunur".
Bu, düşünülənin əksinə, ciddi problemdir
"Buna görə də valideynlər çox diqqətli olmalıdırlar. Xüsusən də güc strukturlarında çalışan valideynlər övladlarını psixoloqa apararaq, belə dəyişikliklərə psixoloji cəhətdən hazırlamalıdırlar. Onlara düzgün mesaj verilməlidir: məsələn, “atan uğurları ilə seçildiyi üçün biz yeni məkana köçürük, sən isə bir zabitin övladısan və daha da güclü olmalısan.” Bu, uşağın beynində müsbət proqramlaşma yarada bilər.
Təəssüf ki, bir çox valideynlər bu məsələyə adi yanaşırlar. Amma nəticədə gənclik dövründə təşviş pozuntuları və digər psixoloji problemlər müşahidə olunur. Belə hallarda asanlıqla müəyyən etmək olur ki, həmin yeniyetmə vaxtında dəfələrlə məktəb və yaşayış yerini dəyişib, lakin bu prosesin psixoloji təsirlərini aradan qaldıra bilməyib".