Azedu.az

Psixoloq: Valideynlər övladlarını seçim stressindən qorumalıdır

Xəbərlər

26 Avqust 2025, 09:33
Psixoloq: Valideynlər övladlarını seçim stressindən qorumalıdır

Bu il universitetlərə qəbulda keçid ballarında rekord səviyyədə artım müşahidə olunub. Hətta yüksək bal toplayanların bir qismi ali məktəbə qəbul ola bilməyib. Bu isə öz növbəsində gələn il tələbə olmaq istəyən abituriyentlərə psixoloji təsir göstərir.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, 600 bal toplayıb qəbul ola bilməmək bir abituriyent üçün çox üzücü bir vəziyyətdir:

“Amma bunu da nəzərə almaq lazımdır ki, ixtisas seçimi zamanı düzgün kodlaşdırma aparılmalıdır. Bəzən abituriyentlər özləri kodlaşdırır və bu zaman da belə səhvlərə yol verirlər. Və yaxud yalnız bir ixtisası seçirlər. "Yox, mən bu sahə üzrə gedəcəm. Varsa, var, yoxdursa, yox",- kimi düşünürlər. Bəzən onların öz inadları da tələbə adını qazana bilməmələrinə səbəb olur.

Belə deyim, sizə 15 ixtisas seçmək imkanı verildiyi halda, 600 bal topladığınıza güvənərək yalnız bir ixtisas yazırsınızsa, burada problem yaranır. Bu gün bəzilərinin, hətta 600 bal toplasa da universitetə qəbul olmaması digər abituriyentlərdə qorxu, narahatlıq, stress və gərginlik yaradır. Bu fakt bir daha göstərir ki, yüksək bal toplamaq və savadlı olmaqla yanaşı, düzgün seçim strategiyası da vacibdir. Yalnız bir ixtisasa fokuslanmaq olmaz. Bir neçə ixtisas seçmək lazımdır və lazım gəldikdə magistr pilləsində istiqaməti dəyişmək mümkündür.

Burada valideynlərin rolu da önəmlidir. Həmişə deyirəm: övladınız 10–11-ci sinifdə ağır hazırlıqlara gedirsə, heç olmasa bir dəfə psixoloq qəbuluna aparın. Psixoloq ona dəstək olacaq, yalnız bir ixtisasa fokuslanmaqdan çəkindirəcək və müxtəlif seçimlərdə özünü sınamasına kömək edəcək.

Amma biz nə edirik? Sadəcə uşağımızı hazırlığa göndəririk və nəticə uğursuz olanda həm valideyn, həm də abituriyent çox üzülür. Bu narahatlığın qarşısını almaq üçün müəllimlər və peşə yönləndirilməsi ilə məşğul olan mütəxəssislər vaxtında düzgün istiqamət verməlidirlər".

Əvvəlki illərlə müqayisədə 600 və daha yuxarı bal toplayan abituriyentlərin sayı nəzərəçarpacaq dərəcədə artıb

“Bu da onu göstərir ki, hazırda daha savadlı, sistemli hazırlaşan və məqsədyönlü abituriyentlər var. Tədrisə yanaşma dəyişib, valideyn nəzarəti güclənib, repetitor və kurs sistemləri genişlənib. Abituriyentlər imtahana daha ciddi hazırlaşırlar. Amma eyni zamanda bu, rəqabəti də sərtləşdirir. Yüksək bal artıq əvvəlki kimi "zəmanətli qəbul" demək deyil. İxtisas seçimi, düzgün strategiya və realist yanaşma indi daha çox önəm kəsb edir. Yəni təkcə bal yox, həm də seçim ağıllı və çevik şəkildə edilməlidir".

Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...
Son xəbərlərDaha çox