İtaliyanın sağçı koalisiya hökuməti təhsil sistemində köklü və ideoloji yönümlü islahatlara start verib.
AzEdu.az-ın xarici KİV-dən əldə etdiyi məlumata görə, Baş nazir Giorgia Meloni hökumətinin təşəbbüsü ilə Təhsil Naziri Giuseppe Valditara tərəfindən irəli sürülən yeni kurikulum dəyişiklikləri, sadəcə akademik proqramı deyil, təhsil sisteminin mədəni, ideoloji və siyasi istiqamətini də dəyişdirməyə yönəlib.
Yeni təhsil proqramında klassik Avropa və xüsusilə İtaliya mədəniyyətinin təməlini təşkil edən mövzulardan biri olan latın dili, həmçinin Müqəddəs Kitabın mədəni və ədəbi aspektləri üzrə tədrisi, İtaliya tarixi, klassik musiqi və incəsənət fənləri gücləndirilmiş şəkildə təqdim ediləcək.Kurikulumda Homer və Virgil kimi klassik müəlliflərin əsərləri, o cümlədən Roma və Qədim Yunan ədəbiyyatından nümunələr əsas yerlərdən birini tutur.
Müasir şagirdlərə daha yaxın olmaq məqsədilə mifik və fantaziya ədəbiyyatı ilə adaptasiya edilən materiallara da yer ayrılıb. Məsələn, "Percy Jackson" seriyası vasitəsilə antik mifologiya daha aktual formada təqdim olunacaq.
Bu islahatlar, bir vaxtlar daha qlobal yanaşmaların – məsələn, “coğrafiya-tarix” kimi inteqrativ və dünyəvi fənlərin yerini milli və qərb mədəniyyəti yönümlü təlim modellərinə buraxması ilə fərqlənir. Təhsil Naziri Valditara və onun dəstəklədiyi hökumət nümayəndələri bildirirlər ki, bu dəyişikliklərin məqsədi şagirdlərdə vətənpərvərlik, mədəni kimlik və klassik Avropa dəyərləri haqqında dərin anlayış formalaşdırmaqdır. Onların fikrincə, İtaliya gəncləri öz tarixlərini və köklərini bilməli, modern dünyanın təsiri ilə milli dəyərləri itirməməlidirlər.
Hazırda bu kurikulum dəyişiklikləri ilə bağlı ictimai və elmi debatlar davam edir. Proqramın yekun forması 2026-cı ilin mart ayında rəsmiləşəcək və gələn dərs ilindən etibarən tətbiq olunmağa başlayacaq.
İtaliyada təhsil sahəsində aparılan bu dəyişikliklər klassik dəyərlərin tədrisə qaytarılması baxımından maraqlı olsa da, təhsilin ideallaşdırılmış mədəni irsə yox, real sosial ehtiyaclara cavab verməli olduğu fikri də geniş yayılıb. Təhsil sahəsində siyasi ideologiyanın dominantlıq etməsi ilə bağlı narahatlıqlar isə davam edir. İtaliya nümunəsində, müasir dövrdə təhsilin balanslı və azad düşüncəyə əsaslanan forması ilə ideoloji yönümlü modellər arasında ciddi fərqlərin olduğu bir daha gündəmə gəlir.