Azərbaycanda uşaqlar üçün sosial müavinət alanların sayı artıb.
AzEddu.az-ın Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, Azərbaycanda uşaqlara yönəlik dövlət tərəfindən verilən aylıq sosial müavinətlərin miqdarı və bu müavinətləri alanların sayı 2023–2025-ci illər ərzində artım dinamikası göstərib.
Belə ki, 2023-cü ilin əvvəlinə olan göstəriciyə əsasən, ümumilikdə 418 257 nəfər uşağa aylıq sosial müavinət verilib. 2024-cü ildə bu göstərici 175 nəfər artaraq 418 432 nəfərə, 2025-ci ildə isə daha 14 480 nəfər artaraq 432 912 nəfərə çatıb.
2025-ci ilin əvvəlində verilən sosial müavinətlərin ümumi aylıq məbləği 191,49 manat təşkil edib. Bu rəqəm 2023-cü ildə 176,92 manat, 2024-cü ildə isə 180,69 manat idi. Belə ki, 18 yaşınadək uşaqlara görə müavinət alanların sayı 2023-cü ildə 186 947 nəfər olub. Bu göstərici 2024-cü ildə 200 487, 2025-ci ildə isə 209 547 nəfərə yüksəlib.
Uşağın anadan olmasına görə birdəfəlik müavinət alanlar 2023-cü ildə 78 101 nəfər, 2024-cü ildə 76 256 nəfər, 2025-ci ildə isə 77 895 nəfər təşkil edib.
Beşdən çox uşağı olan qadınlara müavinət alanların sayı da artmaqdadır. 2023-cü ildə bu göstərici 35 770 nəfər idisə, 2024-cü ildə 37 121, 2025-ci ildə isə 38 616 nəfər olub.
Qanunvericiliklə nəzərdə tutulan hallarda uşaqlar üçün sosial müavinət alanların sayı 2023-cü ildə 117 397 nəfər, 2024-cü ildə 104 568 nəfər, 2025-ci ildə isə 107 760 nəfər olub.
Ən az müavinət alan kateqoriya isə müvəqqəti olaraq qəyyumluğa (himayəyə) verilmiş uşaqlardır – onların sayı 2025-ci ildə cəmi 94 nəfər təşkil edir.
Son illər ərzində Azərbaycanda uşaqlara yönəlik sosial müdafiə tədbirlərinin genişləndirildiyi açıq şəkildə görünür. Aylıq sosial müavinət alanların sayında və ödənilən məbləğlərdə davamlı artım müşahidə olunur. Bu isə dövlətin ailələrə və uşaqlara göstərdiyi sosial dəstəyin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.