Uşaq internat müəssisələrinin sayında dəyişiklik müşahidə olunur.
Belə ki, 2025-ci ilin əvvəlinə olan statistik göstəricilərə görə ölkədə uşaq bağçaları və uşaq evlərinin sayı son 2 illə eyni - 15 olaraq qalır.
AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu müəssisələrdə 847 uşaq yerləşdirilib.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərinin sayı 9 olub, həmin müəssisələrdə 2161 uşaq təhsil alır. Eyni zamanda, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar üçün fəaliyyət göstərən sosial xidmət müəssisələrinin sayı dəyişməyərək 2 olaraq qalıb. Bu müəssisələrdə 274 uşaq yaşayır.
Ümumi təyinatlı və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin sayı 19 olub və bu müəssisələrdə 10931 uşaq yerləşdirilib. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulan internat tipli təhsil müəssisələrinin sayı isə 3 olaraq qalmaqda davam edir. Bu müəssisələrdə ümumilikdə 403 uşaq tərbiyə alır.
Ötən illərdə bu rəqəmlərdə dəyişiklik olub.
2021-ci il – Uşaq müəssisələrinin sayı 13 olub, 718 uşaq orada yerləşdirilib. Xüsusi məktəblərin sayı 9 olaraq qalıb və 2288 uşaq həmin məktəblərdə təhsil alıb. Sosial xidmət müəssisələrində 326 uşaq yaşayırdı. Ümumi təyinatlı internatların sayı 19, uşaqların sayı isə 6591 idi. Valideynsiz uşaqlar üçün internatlarda 409 uşaq tərbiyə olunurdu.
2023-cü il – Uşaq müəssisələrinin sayı 15-ə yüksəlib, həmin müəssisələrdə 833 uşaq yerləşdirilib. Xüsusi məktəblərin sayı 9 olaraq qalıb, burada 2220 uşaq təhsil alıb. Sosial xidmət müəssisələrində 295 uşaq yaşayırdı. Ümumi təyinatlı internatların sayı 19 olub, 10 min 901 uşaq burada təhsil alıb. Valideynsiz uşaqlar üçün isə 4 internat fəaliyyət göstərib və 409 uşaq həmin müəssisələrdə yerləşdirilib.
2024-cü il – Uşaq müəssisələrinin sayı dəyişməyərək 15 olaraq qalıb, həmin müəssisələrdə 873 uşaq yerləşdirilib. Xüsusi məktəblərin sayı 9 olub, burada 2220 uşaq təhsil alıb. Sosial xidmət müəssisələrində 276 uşaq yaşayırdı. Ümumi təyinatlı internatların sayı 19 olub, 10 min 901 uşaq burada təhsil alıb. Valideynsiz uşaqlar üçün isə 4 internatda 409 uşaq yerləşdirilib.