Son vaxtlar aktual məsələyə çevrilən trixotillomaniya insanın saç, qaş, kiprik və digər bədən tüklərini qoparması ilə xarakterik psixoloji pozuntudur. Bu davranış adətən daxili gərginliyi azaltmaq və özünü rahatlaşdırmaq məqsədilə ortaya çıxır.
AzEdu.az xəbər verir ki, psixoloq Aygün Ağabalıyeva trixotillomaniya obsesiv-kompulsiv pozuntular spektrinə daxil olduğunu bildirib. Onun sözlərinə görə, insanlar bu vərdişdən imtina etmək istəsələr də, çox vaxt özlərini saxlaya bilmirlər: “Sanki həmin an insan başa düşür ki, olmaz, amma özünü idarə edə bilmir”.
Nevroloq Sevinc Hüseynzadə isə bildirir ki, bu davranış vaxtında müalicə olunmasa, sağlamlıq problemlərinə yol aça bilər: “Saçların qoparılıb yeyilməsi nəticəsində ciddi mədə-bağırsaq xəstəlikləri yarana bilər. Saçlar mədədə yumaq formasında toplanaraq cərrahi əməliyyata qədər aparan ağır fəsadlara səbəb olur”.
Mütəxəssislərin fikrincə, pozuntu daha çox uşaq və yeniyetmələrdə müşahidə olunur. Bu halda valideynlər vaxtında mütəxəssisə müraciət etməlidirlər. Çünki müalicənin gecikdirilməsi problemin dərinləşməsinə gətirib çıxarır.