Azedu.az

BMU-İNHA İDP üzrə qəbul planı 96 faiz dolub

Xəbərlər

15 Avqust 2025, 15:52
BMU-İNHA İDP üzrə qəbul planı 96 faiz dolub

Bakı Mühəndislik Universiteti və Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) 2025/2026-cı tədris ili üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb.

AzEdu.az xəbər verir ki, 350-dən çox abituriyentin qeydiyyatdan keçdiyi, 280 nəfərin iştirak etdiyi daxili imtahanın nəticələrinə əsasən, ayrılan plan yerləri 96 faiz dolub. Builki tədris ilində ayrılan 100 yer üzrə  müvafiq olaraq, 25 tələbə “İnformasiya texnologiyaları”, 25 tələbə “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), 25 tələbə “Data analitikası” (Data elmləri), 21 tələbə isə “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə yeni tədris ilindən etibarən BMU-İNHA İDP-də təhsil alacaq.

Qəbul göstəricilərinə əsasən, İDP tələbəsi adını qazanmış 96 nəfərdən 51%-ni 500 baldan çox nəticə göstərmiş abituriyentlər təşkil edib. 

Abituriyentlər arasında ən yüksək balı (659.4) “İnformasiya texnologiyaları" ixtisasına qəbul olmuş Üzeyir Bayramlı toplayıb. Digər ixtisaslar üzrə isə Ömər Əliyev (“Kompüter elmləri” (Süni intellekt mühəndisliyi)-648,9 bal), Rüfət Hüseynli (“Data analitikası” (Data elmləri)-630 bal), Xədicə Həsənli (“Elektrik və elektronika mühəndisliyi” - 602,5 bal) yüksək nəticə göstərib.

Bu göstəricilər vurğulamağa əsas verir ki, BMU-İNHA İDP-yə yüksək bal toplamış tələbələrin cəlb olunması uğurla təmin edilib.

Cari ilin avqust ayının 11-də BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahanlar keçirilib. Daxili imtahanlar riyaziyyat, fizika, ingilis dili fənlərini əhatə edib.

İmtahanda uğurlu nəticə əldə edən abituriyentlərin təsdiq olunmuş siyahısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim olunub. Eyni zamanda onlar Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rəsmi olaraq avtomatik qeydiyyata alınırlar. Bu səbəbdən, qəbul olunmuş namizədlər rəsmi BMU-İNHA İDP tələbəsi statusunu qazanaraq, DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azaddırlar.

BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

3+1 modeli əsasında qurulan beynəlxalq ikili diplom proqramına bu il üçün 4 ixtisas - “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları”, “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə qəbul aparılır. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim edilir.

 

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox