Azedu.az

Uşaqlar danışmasa da hiss edir - Stressin səssiz əlamətləri

Xəbərlər

15 Avqust 2025, 14:33
Uşaqlar danışmasa da hiss edir - Stressin səssiz əlamətləri

Uşaqların həyatı, düşündüyümüz qədər sadə və qayğısız olmaya bilər. Gündən-günə dəyişən cəmiyyət, sürətlə inkişaf edən texnologiya və artan sosial təzyiqlər onların ruh halına təsir göstərir. Dərs yükləri, ailədaxili münasibətlər, dost çevrəsindəki dəyişikliklər və sosial mediada gördükləri ideal görüntülər uşaqların psixoloji rahatlığını poza bilər. Bu hallar uşaqlarda stress yaradır və bu stress müxtəlif formalarda özünü göstərir.

Stressin uşaqlarda əlamətləri nələrdir?

AzEdu.az mövzu ilə bağlı araşdırma edib. 

Uşaqlar stressə düşsələr belə, bunu açıq şəkildə ifadə etməyə bilər və bu vəziyyət daha çox onların davranışlarında və gündəlik vərdişlərindəki dəyişikliklərlə özünü göstərir. Məsələn, adətən sakit olan bir uşaq qəfil əsəbi və aqressiv ola bilər. Əvvəllər zövq aldığı fəaliyyətlərə marağını itirə bilər. Yuxu rejimi pozular, gecələr tez-tez oyanma və ya ümumiyyətlə yatmaq istəməmə halları müşahidə oluna bilər. Eyni zamanda, uşağın iştahında da dəyişikliklər baş verə bilər; bəzən iştah azalır, bəzən isə əksinə, normadan çox yemək ehtiyacı yaranır.

Stressdən əziyyət çəkən uşaq dərslərə qarşı marağını itirə bilər, diqqətini cəmləməkdə çətinlik çəkər və yaddaş zəifləyər. Əgər əvvəllər ünsiyyətcil olubsa, belə bir uşaq getdikcə daha çox tək qalmağa üstünlük verə bilər. Bütün bunlarla yanaşı, fiziki narahatlıqlar da ortaya çıxa bilər məsələn, qarın və baş ağrıları kimi şikayətlər yaşansa da, bu ağrıların tibbi səbəbi aşkar edilə bilməz. Bu əlamətlər bəzən müvəqqəti xarakter daşısa da, uzun müddət davam edərsə, artıq bu hal uşağın daxilində yaşadığı narahatlığın açıq göstəricisinə çevrilir.

Stressin səbəbləri nələrdir?

Uşaqlarda stressin yaranma səbəbləri bir neçə amilin birləşməsi ilə ortaya çıxır. Hər bir uşaq fərqli şəraitdə böyüyür və baş verən hadisələrə fərqli reaksiya verir. Bununla belə, bəzi ümumi səbəbləri qeyd etmək mümkündür.

Bunlardan biri təhsil təzyiqidir. Uşaqlardan gözlənilən yüksək nəticələr, imtahan stresi və qiymət narahatlığı onların psixoloji gərginliyini artırır. Digər bir səbəb ailə daxilində yaşanan gərginliklərdir. Valideynlər arasında davamlı münaqişələr, ayrılıqlar və ya ümumiyyətlə uşağa yetərincə diqqət ayrılmaması onun güvən hissinin pozulmasına səbəb ola bilər.

Uşaq üçün sosial münasibətlər də əhəmiyyətlidir. Məktəbdə və ya yaşadığı mühitdə dostları ilə münasibətlərin pozulması, zorakılıq halları və ya tək qalmaq qorxusu onun daxilində stressin yaranmasına yol aça bilər. Texnologiya da bu siyahıya daxildir. Sosial mediada tez-tez qarşılaşdığı "mükəmməl həyat" görüntüləri uşaqda özünü başqaları ilə müqayisə etməyə, nəticədə isə dəyərsizlik hissi keçirməyə səbəb olur. Eyni zamanda, internetə və cihazlara həddən artıq vaxt ayırmaq uşağın real həyatla əlaqəsinin zəifləməsinə gətirib çıxarır.

Valideynlər və böyüklər nə edə bilər?

Uşağa dəstək olmaq üçün atılacaq ilk və ən vacib addım onu diqqətlə izləmək və hisslərini anlamağa çalışmaqdır. Uşaq hər zaman yaşadığı narahatlığı sözlə ifadə etməyə bilər, lakin davranışlarında baş verən dəyişikliklər bu barədə çox şey deyə bilər. Əgər uşaq hər gün eyni davranmırsa, əhvalı tez-tez dəyişirsə və əvvəlkindən fərqli davranışlar sərgiləyirsə, bu artıq bir siqnaldır.

Belə hallarda onunla ünsiyyət qurmaq vacibdir. Danışarkən sual-cavab formatından qaçmaq, sadə və mehriban bir dillə söhbət etmək daha təsirlidir. Uşaq onun mühakimə olunmadan dinlənildiyini hiss etməlidir. Valideynlər və böyüklər uşaqları digər uşaqlarla müqayisə etməməlidirlər. Məsələn, “Bax, filankəs necə yaxşı oxuyur” kimi ifadələr uşağın özünü dəyərsiz və yetersiz hiss etməsinə səbəb ola bilər.

Uşağın həyatında yalnız dərslər və fəaliyyətlər olmamalıdır. Onun həm əylənməyə, həm dincəlməyə, həm də sadəcə uşaq kimi davranmağa ehtiyacı var. Vaxtını tam şəkildə dərslə doldurmaq, onu daha da sıxa bilər. Eyni zamanda, evdə emosional sabitlik və sakit mühit yaratmaq uşağın güvən hissini gücləndirir. Uşağa zaman ayırmaq da çox önəmlidir. Bəzən sadə bir gəzinti, birlikdə oynanılan bir oyun və ya maraqlarını bölüşmək onun daxili rahatlığı üçün çox dəyərlidir.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox