Azedu.az

Tətillər, bayramlar çoxdur: Dərs ilinin müddəti uzaldılsın! - TƏKLİF

Xəbərlər

15 Avqust 2025, 14:10
Tətillər, bayramlar çoxdur: Dərs ilinin müddəti uzaldılsın! - TƏKLİF

Demək olar ki, əksər ölkələrdə məktəblər yay tətilindən sonra sentyabrın 1-də açılır. Doğrudur, həmin ölkələrdə dərs ili bizdən daha tez başa çatır. Bu, tədris müddətinin daha balanslı bölüşdürülməsi və fasilələrin optimal planlaşdırılması ilə izah olunur. Əvvəllər Azərbaycanda da dərs ili sentyabrın 1-dən başlayırdı. 

Bu tarix nə üçün dəyişdirildi və bu qərarın səbəbləri nədən ibarət idi? Əgər məktəblər sentyabrın 15-i deyil, 1-i açılsa, dərs ili də iyunun 15-i deyil, mayın 30-da başa çatsa, bu, təhsilin keyfiyyətinə necə təsir edər?

AzEdu.az-a mövzu ilə bağlı Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov danışıb.

166080

O qeyd edib ki, dərs ilinin sentyabrın 1-də başlanması məsələsi müzakirə oluna bilər:

"Bizim tədris ilimizdə  nəzərə alsaq ki, məktəblər əsasən 5 günlük sistemlə işləyir  kifayət qədər bayram günləri, tətil günləri var. Eyni zamanda, yay tətili müddəti 3 ayı əhatə edir. Bu da onu göstərir ki, biz əslində şagirdlərin zamanından kifayət qədər səmərəsiz təşkil etmiş oluruq. Siz qeyd edirsiniz ki, əvvəllər sentyabrın 1-də Azərbaycanda məktəblər açılırdı, yeni tədris ili başlayırdı və mayın 31-də bitirdi. Əslində o zaman da yay tətili 3 ay idi. Bu dəyişikliklər Azərbaycanın iqlim şəraitinə əsaslanaraq edilmişdi və dərs ilinin sentyabrın 15-də başlaması, iyunun 15-də isə başa çatması ilə bağlı müvafiq qərar qəbul olundu. Lakin bu halda da 3 aylıq yay tətili şagirdlərin məktəbdən uzun müddət uzaq düşməsinə səbəb olur.

Xatırlayıram, bir neçə il öncə cənab nazir də bu məsələ ilə bağlı fikrini bildirmişdi və qeyd etmişdi ki, təhsildə bu qədər fasilənin verilməsi nəticəsində biz əslində yanlışlığa yol vermiş oluruq. Mən də bu fikirdəyəm. Təbii ki, iqlim şəraiti nəzərə alınmalıdır və s., amma iyunun 15-də dərslərin bitməsi və sentyabrın 1-də başlanması daha doğru qərar ola bilər. Onsuz da sentyabrın 1-də havalar yay aylarına nisbətən sərin keçir, halbuki iyunun 15-də hava daha isti olur. Ona görə də düşünürəm ki, dərs ilinin sentyabrın 1-də başlanması məsələsi müzakirə oluna bilər və bu, həm təhsilin keyfiyyəti, həm də fasiləsizliyin təmin olunması baxımından ciddi faktor ola bilər".

Gizlətməyə ehtiyac yoxdur. Demək olar ki, tədris ilinin bitməsinə bir həftə qalmış şagirdlərin əksəriyyəti məktəbə gəlmir, müəllimlər də bu mərhələni sadəcə “yola verirlər”

"Bəs nə baş verir? Biz 3 aylıq yay tətili veririk, eyni zamanda dərs ili boyunca da müxtəlif bayramlar, payız və qış tətilləri olur. Zaman baxımından ayırdığımız bu fasilələr nəticəsində şagirdlər proqramın məzmununu tam mənimsəməkdə çətinlik çəkir və nəticədə kifayət qədər yüklənirlər. Bu qədər fasilənin olması şagirdlərin dərs yükünün artmasına səbəb olur və bu da əlavə olaraq onların yüklənməsi deməkdir. 

Nəzərə alsaq ki, tədris ilinin sonuna yaxın  bunu hamımız bilirik və gizlətməyə ehtiyac yoxdur. Demək olar ki, tədris ilinin bitməsinə bir həftə qalmış şagirdlərin əksəriyyəti məktəbə gəlmir, müəllimlər də bu mərhələni sadəcə “yola verirlər”. Yəni o müddəti onsuz da effektiv istifadə etmirik. Bu baxımdan tətil günlərinin sayına yenidən baxmaq, eləcə də yay tətili müddətinin qısaldılması mümkündür və düşünürəm ki, bu, təhsilin keyfiyyətinə daha müsbət təsir göstərə bilər".

Təhsildə bu qədər fasilələrin qarşısını almağa çalışmalıyıq

"Mən müxtəlif Avropa ölkələrinin təcrübəsinə də baxmışam. Məsələn, Almaniyada yay tətili kifayət qədər qısadır. 3 aylıq yay tətili isə şagirdlər üçün həm də psixoloji adaptasiya baxımından çətinlik yaradır. Tətil bitdikdən sonra şagirdin məktəbə uyğunlaşması 10-15 gün çəkir və bu adaptasiya qısa müddətdə təmin olunmur. Əlbəttə, anlayıram ki, bu məsələdə fərqliliklər var. Məsələn, özəl məktəblər üçün bu daha asandır, çünki onların soyutma sistemləri, kondisionerləri var və s. Amma dövlət məktəbləri üçün bu müəyyən çətinliklər yarada bilər.

Amma bütün hallarda biz təhsildə bu qədər fasilələrin qarşısını almağa çalışmalıyıq. Xarici təcrübəyə nəzər saldıqda görürük ki, bəzi ölkələrdə şagirdlər dərsdən sonra da məktəbdə qalırlar, tapşırıqları orada yerinə yetirirlər. Ev tapşırıqları məktəbdə edilir, çünki məktəblərin infrastrukturu buna imkan verir. Bizdə isə təəssüf ki, məktəblərin infrastrukturu bu imkanları təmin etmir. Ona görə də şagirdlərin məktəbdə keçirdiyi zamanı artırmaq lazımdır. Burada yalnız tətil günlərinin sayının azaldılması yox, eyni zamanda gələcəkdə heç olmasa liseylər səviyyəsində  belə bir sistem tətbiq edilə bilər: məktəbdə dərs bitəndən sonra şagird orada nahar edir və dərslərini də orada yerinə yetirir. Evə getdikdə isə onun əlavə vaxtı yaranır".

Bütün hallarda hesab edirəm ki, tədris ilinin strukturuna dəyişikliklərin edilməsi, yəni onun uzadılması və ya tətil müddətlərinin optimallaşdırılması ümumilikdə təhsil sistemimizə faydalı təsir göstərə bilər

"Bu da o deməkdir ki, şagirdin muzeyə getmək, teatra getmək, idmanla məşğul olmaq və digər fəaliyyətlərə vaxt ayırmaq haqqı olur. Yəni biz şagirdin vaxtının səmərəli təşkili ilə nəticədə daha balanslı təhsil mühiti formalaşdıra bilərik. Bütün bunlar əlbəttə ki, müzakirə mövzusu ola bilər. İctimai müzakirələr təşkil olunmalıdır. Təəssüf ki, son illərdə bu cür müzakirələrin keçirildiyinin şahidi olmuruq. Təhsil mütəxəssisləri, pedaqoqlar, həmçinin bu sahədə ixtisaslaşmış elm adamları bu prosesə cəlb olunmalıdır. Eyni zamanda valideyn fikirləri də çox önəmlidir. Söhbət burada savadlı, prosesi obyektiv qiymətləndirə biləcək valideynlərin iştirakından gedir. Mətbuat nümayəndələri də bu müzakirələrə cəlb oluna bilər. Bütün bu tərəflərin iştirakı ilə daha doğru və əsaslandırılmış qərar qəbul etmək mümkündür.

Qərar həm əsaslandırılmalı, həm də dərin təhlilə söykənməlidir. Heç bir qərar tələsik və təsadüfi verilə bilməz. Mütləq şəkildə ölçülüb-biçilməlidir. Bu baxımdan sizin qeyd etdiyiniz məsələ aktualdır və düşünürəm ki, bu mövzu ətrafında geniş ictimai müzakirələr, dinləmələr təşkil olunmalıdır. Yalnız bundan sonra daha məqsədyönlü və səmərəli qərarlar qəbul oluna bilər. Bütün hallarda hesab edirəm ki, tədris ilinin strukturuna dəyişikliklərin edilməsi, yəni onun uzadılması və ya tətil müddətlərinin optimallaşdırılması ümumilikdə təhsil sistemimizə faydalı təsir göstərə bilər".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox