Dünyada hazırda 7 mindən çox dil mövcuddur.
AzEdu.az-ın xəbərinə görə, onların bəziləri yüz milyonlarla insan tərəfindən istifadə edilir, digərləri isə yalnız kiçik icmalar arasında danışılır. Qloballaşma və texnologiyanın inkişafı dillərin yayılma sürətinə ciddi təsir göstərir.
Hazırda dünyada ən geniş yayılmış dil ingilis dilidir. Təxminən 380 milyon nəfər bu dildə ana dili kimi danışır, ikinci dil kimi istifadə edənlərlə birlikdə isə bu rəqəm 1,5 milyardı keçir. İngilis dili beynəlxalq ünsiyyət, elm, biznes və texnologiya sahələrində əsas vasitə hesab olunur.
Ana dili danışanların sayına görə isə ilk yeri mandarin Çin dili tutur. Dünyada təxminən 1,1 milyard insan bu dildə danışır. Mandarin əsasən Çin, Tayvan və müxtəlif ölkələrdəki Çin icmaları arasında geniş yayılıb.
Hind dili də dünyada ən çox danışılan dillər sırasındadır. Onu təxminən 610 milyon insan istifadə edir. Dil əsasən Hindistan və Nepal ərazisində yayılıb.
İspan dili isə təxminən 560 milyon insan tərəfindən danışılır. İspaniya ilə yanaşı, Latın Amerikasının əksər ölkələrində rəsmi statusa malikdir və ABŞ-da da milyonlarla insanın gündəlik ünsiyyət dilidir.
Fransız dili dünyada 310 milyon nəfər tərəfindən istifadə olunur. O, Avropa, Afrika, Karib hövzəsi və Kanadada rəsmi və ya ikinci dil kimi geniş yayılıb.
Ərəb dili 20-dən çox ölkədə rəsmi statusa malikdir və onu təxminən 274 milyon insan danışır. Klassik ərəb dili isə Qurani-Kərim vasitəsilə bütün müsəlman dünyasında xüsusi əhəmiyyət daşıyır.
Benqal dili əsasən Banqladeş və Hindistanın Qərbi Benqal bölgəsində yayılıb. Bu dildə danışanların sayı 273 milyona yaxındır.
Portuqal dili 264 milyon insan tərəfindən istifadə olunur. Braziliya və Portuqaliya ilə yanaşı, Afrika ölkələrində də rəsmi dildir.
Rus dili təxminən 255 milyon insanın ünsiyyət vasitəsidir. Keçmiş SSRİ məkanında hələ də geniş yayılmışdır və BMT-nin altı rəsmi dilindən biridir.
Urdu dili isə əsasən Pakistan və Hindistanın bəzi bölgələrində danışılır. Bu dildə ünsiyyət quranların sayı 230 milyona yaxındır.
UNESCO-nun məlumatına görə, hazırda dünyada 2 mindən çox dil yox olma təhlükəsi altındadır. Bu dillərin çoxu kiçik icmalarda istifadə olunur və yeni nəsil tərəfindən öyrənilmir.
Dillərin yayılması təkcə danışanların sayından asılı deyil. İqtisadi güc, mədəni təsir və texnoloji üstünlüklər də dillərin dünya miqyasında geniş yayılmasına mühüm təsir göstərir.