Texnoloji inkişaf, iqlim dəyişikliyi, urbanizasiya və sosial transformasiyalar nəticəsində əmək bazarı daim dəyişir. Ənənəvi peşələr aktuallığını qorusa da, yeni dövr yeni ixtisaslara ehtiyac yaradır.
Bu dəyişikliklər fonunda bu gün geniş tanınmayan bəzi sahələr gələcəkdə əsas istiqamətlərdən birinə çevrilə bilər.
Gələcəkdə dəyər qazanacaq, bu gün isə az tanınan ixtisaslar hansılardır?
AzEdu.az-a mövzu ilə bağlı elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev açıqlama verib.
O qeyd edib ki, peşə yönümlü ixtisaslar gələcəkdə daha aktual olacaq:
"Qarşıdakı illərdə neft-qaz hasilatının azalması ilə əlaqədar olaraq, təbii ki, daha çox peşə yönümlü və turizm yönümlü ixtisasların faydalı olacağı qaçılmazdır. Belə ki, məsələn, yaşayış məntəqələrində həm aşpazların yüksək maaşla dəvət olunması müşahidə ediləcək, eyni zamanda düzgün administrativ idarəetmə və xidmət sahəsində daha yüksək keyfiyyətə tələbat yaranacaq".
Süni intellekt texnologiyaları vasitəsilə bəzi sahələrin tam və ya qismən əvəz olunması gözlənilir
"Eyni zamanda təcrübə, dil biliyi, şəxsi keyfiyyətlər və ünsiyyət bacarıqları olan masa bələdçilərinə (ofisiantlara) də xüsusi və böyük ehtiyac olacaq. Bununla yanaşı, turizmlə bağlı, turizm işinin təşkili ilə bağlı, eləcə də hotelçiliklə (otelçiliklə) bağlı ixtisaslar önə çıxacaq, hansı ki, hazırda bu sahələrdə maaşlar aşağıdır, amma gələcəkdə kifayət qədər yüksələcəklər. Ümumiyyətlə, peşə yönümlü ixtisaslar gələcəkdə daha aktual olacaq. Çünki, desək ki, zaman-zaman həm proqram təminatı vasitələri ilə, əşyaların internetləşməsi, həmçinin süni intellekt texnologiyaları vasitəsilə bəzi sahələrin tam və ya qismən əvəz olunması gözlənilir. Ancaq peşə yönümlü və xidmət sahələrinə aid olan sahələrdə tələbat yüksək olaraq qalacaq".