25-27 iyun tarixlərində mərkəzləşdirilmiş üsulla lisey və gimnaziya imtahanları keçirilib. İmtahanlar zamanı müəyyən köçürmə halları müşahidə olunub. Daha sonra imtahan nəticələri bizim əlimizdə olan digər məlumatlarla müqayisə edilərkən bəzi şagirdlərin nəticələrində uyğunsuzluqlar aşkar edilməsi ilə bağlı şübhələr yaranıb.
AzEdu.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinin müdiri Tural Alışov deyib.
Tural Alışov qeyd edib ki, Elm və Təhsil Nazirliyinin tapşırığı ilə yaradılan komissiya həmin nəticələrlə bağlı genişmiqyaslı araşdırmalara başlayıb:
“Araşdırma nəticəsində müəyyən olunub ki, bəzi şagirdlərin imtahanda göstərdiyi nəticələrlə onların real bilik səviyyəsi arasında ciddi fərqlər var. Nazirliyin tapşırığı ilə komissiya həmin şagirdləri yenidən yoxlama imtahanına dəvət edib, eyni zamanda valideynlərlə söhbətlər aparılıb. Təkrar yoxlama zamanı bu şagirdlərin nəticələrinin əvvəlki imtahandakı göstəricilərindən xeyli aşağı olduğu təsdiqlənib. Xüsusilə də analoji suallara zəif cavab verən şagirdlər aşkar edilib”.
Bildirilib ki, ümumilikdə, komissiyaya 300-dən çox şagird dəvət olunub: "Onlardan təxminən 50-nin nəticəsi bərpa edilib. Qalan şagirdlərin isə ilkin imtahan nəticələri ləğv olunub və onlar seçim prosesinə buraxılmayıb".