2025-2026-cı tədris ilində Qarabağ Universitetində ingilis və rus bölmələri üzrə tələbə qəbulu nəzərdə tutulmur. Beynəlxalq dillərdə tədrisin təşkil olunmaması universitetin beynəlxalqlaşma prosesini bir qədər geri salır.
Qarabağ Universiteti beynəlxalq tələbə axınını təşviq etmək əvəzinə, niyə qapılarını beynəlxalaq dillərdə təhsil almaq istəyən gənclərə hələlik bağlı saxlayır?
Mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Elçin Süleymanov danışıb.
O qeyd edib ki, Qarabağ Universiteti beynəlxalq səviyyəli bir universitet olmağı hədəfləyir:
"Təbii ki, bu hədəfdə beynəlmiləlləşmə və beynəlxalq dillərin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Qarabağ Universiteti ötən il bu istiqamətdə kifayət qədər ciddi addımlar atdı. Universitetdə yüksək keyfiyyətli ingilis dili hazırlıq mərkəzi fəaliyyət göstərir. Bu mərkəz digər universitetlərdən fərqli olaraq daha güclü müəllim heyətinə malikdir.
Yəni, bir növ ADA Universiteti və Bakı Ali Neft Məktəbi kimi universitetlərdə olduğu kimi, Qarabağ Universitetində də “foundation” adlandırılan hazırlıq mərkəzi fəaliyyət göstərir. Bu foundation dərsləri ingilis dilində tədris olunur və məqsəd ondan ibarətdir ki, gələcəkdə bəzi ixtisas fənləri də ingilis dilində keçilsin".
Təhsil dili ingilis olduqda abituriyentlər ingilis dili fənnindən minimum 40% nəticə göstərməlidirlər bu, yerlərin boş qalmasına səbəb ola bilər
"Ona görə mən düşünmürəm ki, Qarabağ Universitetində ingilis dilli tədrisə keçidə hər hansı ciddi maneə olacaq. Sadəcə olaraq, təhsil dili ingilis dili olduğu zaman abituriyentlər Dövlət İmtahan Mərkəzinin imtahanlarında ingilis dili fənnindən ən azı 40% nəticə göstərməlidirlər. Bu isə seçim zamanı bəzi yerlərin boş qalmasına səbəb ola bilər. Buna görə də hazırda tədris dili Azərbaycan dilində saxlanılır. Lakin yüksək keyfiyyətli ingilis dili dərsləri və ixtisas fənlərinin bir hissəsinin ingilis dilində tədrisi ilə, məzunların gələcəkdə bu dildə sərbəst təhsil alacaq və fəaliyyət göstərəcək səviyyəyə çatması hədəflənir.
Rus dilində təhsilə gəldikdə isə, ötən il də Qarabağ Universitetində rus dilində tədris mövcud deyildi. Bunun əsas səbəblərindən biri də odur ki, bu sahədə ixtisaslı müəllim tapmaq çətindir. Azərbaycandakı rusdilli orta məktəblərdə də xüsusilə ixtisas fənləri üzrə müəllim çatışmazlığı müşahidə olunur və bu problem universitetlərdə də mövcuddur. Yəni, rus dilində elmi dərəcəsi olan, akademik fəaliyyət göstərə biləcək mütəxəssislərin sayı kifayət qədər deyil".
Tədris hələ ingiliscə aparılmasa da, gələcəkdə ikili diplom və ixtisasların ingilis dilində tədrisi planlaşdırılır
"Bizdə daha çox gənclər xaricdə təhsil proqramları vasitəsilə ingilisdilli ölkələrdə, dünyanın qabaqcıl universitetlərində təhsil almağa üstünlük verirlər. Bu da vəziyyəti başa düşülən edir. Amma bu, narahatlıq doğuracaq bir hal deyil, çünki Qarabağ Universitetində tədrisin ingilis dilində aparılmasada və tələbələrin bu dili mükəmməl səviyyədə mənimsəməsi, gələcəkdə ikili diplom proqramlarının və bəzi ixtisasların tam ingilis dilində tədrisi nəzərdə tutulur".