Bir sıra nüfuzlu Britaniya universitetləri Hindistanda kampus açmaq qərarını elan edib. Bu addımla onlar yerli tələbələrə beynəlxalq diplom alma imkanı təqdim etməyi və təhsil xərclərini azaltmağı hədəfləyir.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, Birmingham və Southampton universitetləri kimi tanınmış ali təhsil müəssisələri Hindistan bazarına daxil olaraq, tələbələr üçün daha əlçatan və keyfiyyətli təhsil mühiti yaratmağı planlaşdırır. Yeni kampuslar təhsil sahəsində beynəlxalq əməkdaşlığı gücləndirməklə yanaşı, tələbələrin xaricdə təhsil üçün çəkdiyi maliyyə yükünü azaltmağa kömək edəcək.
Ekspertlər hesab edir ki, bu addım həm Britaniya universitetlərinin beynəlxalq nüfuzunu artıracaq, həm də Hindistanın təhsil sektorunda rəqabəti daha da yüksəldəcək. Eyni zamanda, bu tendensiya beynəlxalq təhsil bazarında yeni modellərin formalaşmasına səbəb ola bilər.