Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Dərzi” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə praktiki imtahan həyata keçirilib.
AzEdu.az xəbər verir ki, adıçəkilən peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri imtahanda uğur qazanan namizədlər praktiki imtahan üçün Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə dəvət olunub.
TKTA nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev, sahə üzrə müstəqil ekspertlər qismində isə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təlimçi-metodisti Sima Hüseynova və Emal sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təlimçi-metodisti Sevda Ağayeva iştirak edib.
Qeyd edək ki, praktiki imtahanda uğur qazanan namizədlər “Dərzi” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə müvafiq sənədlə təltif olunacaq.
Sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarına inteqrasiyasına və onların gəlir əldə etmək imkanlarının genişləndirilməsinə, habelə bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.
Məlumat üçün bildiririk ki, Agentlik tərəfindən təqdim edilən müvafiq sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və eləcə də peşə ixtisasi üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.