Azedu.az

Diplomsuz “psixoloqlar” insanların həyatını necə məhv edir?

Xəbərlər

8 Avqust 2025, 14:27
Diplomsuz “psixoloqlar” insanların həyatını necə məhv edir?

Bu gün əmək bazarında tələbat olan ixtisaslardan biri də psixologiyadır. Bu sahə üzrə bir sıra tanınmış ali təhsil müəssisələrində kifayət qədər plan yeri ayrılır. Lakin bununla yanaşı, yalnız bir neçə aylıq kurslarda iştirak edib sertifikat əldə edən və özlərini “psixoloq” kimi təqdim edən şəxslərin sayı da artmaqdadır.

Belə fəaliyyətlər cəmiyyət üçün hansı riskləri yarada bilər və bu sahədə nəzarət mexanizmləri necə təkmilləşdirilməlidir?

Mövzu ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli AzEdu.az-a danışıb.

O qeyd edib ki, Əhali artıq fiziki sağlamlıqla yanaşı, psixi sağlamlıq məsələlərinə də həssas yanaşmağa başlayıb və bu çox müsbət bir göstəricidir.

"Psixologiya bu gün əmək bazarında yalnız tələbat görən deyil, eyni zamanda ciddi sosial məsuliyyət daşıyan sahələrdən biridir. Müasir dövrün sürətli ritmi, gündəlik streslər, ailədaxili münasibətlərdəki çətinliklər, gənclərin qərarsızlıqları, uşaqlarda müşahidə edilən psixoloji gərginliklər bu sahəyə olan ehtiyacı hər ötən gün bir az da artırır. Əhali artıq fiziki sağlamlıqla yanaşı, psixi sağlamlıq məsələlərinə də həssas yanaşmağa başlayıb və bu çox müsbət bir göstəricidir. Lakin təəssüf doğuran məqam odur ki, bu həssaslıqdan və ehtiyacdan sui-istifadə edən şəxslər də artmaqdadır.

Yalnız bir neçə aylıq qısa kurslarda iştirak edərək sertifikat əldə edən, heç bir ali təhsil diplomuna və ya peşəkar praktiki bazaya malik olmayan şəxslərin özlərini psixoloq kimi təqdim etməsi bu sahənin əsas problemlərindən birinə çevrilib. Onların arasında şəxsi həyatında yaşadığı travmaları və təcrübələri başqalarına “təlim” və ya “yolgöstərici” kimi təqdim edənlər də var. Bu cür fəaliyyətlər təkcə etik problem deyil, eyni zamanda hüquqi və sosial fəsadlar doğura biləcək təhlükəli bir tendensiyadır. Psixoloq olmaq üçün təkcə hansısa modula qatılıb sertifikat əldə etmək kifayət etmir. Bu, illərlə davam edən elmi təhsil, müşahidə, nəzəri və praktiki təcrübə, eləcə də etik kodekslərə sadiqlik tələb edən bir peşədir".

Bu şəxslərin açdığı psixoloji mərkəzlərdə aparılan “məsləhətlər”, “terapiyalar” və ya “seanslar” insanların psixikasına ciddi zərər vura bilər

"Çünki burada söhbət sadəcə motivasiya verməkdən deyil, fərdin daxili dünyasına, psixoloji müdafiə mexanizmlərinə, emosional balansına təsirdən gedir. Əgər bu işə peşəkar yanaşılmırsa, nəticədə psixoloji dəstək gözləyən insan daha ağır psixoloji duruma düşə, qərarsızlıq, emosional gərginlik və hətta travmatik nəticələrlə qarşılaşa bilər. Belə halların gələcəkdə intiharlar, ailə dağıntıları və davranış pozuntuları ilə nəticələnməsi isə artıq cəmiyyət üçün çox təhlükəli bir siqnal olacaq".

Biz insanlar üçün psixoloji dəstəyi əlçatan etməliyik, lakin ucuzlaşdıraraq peşənin dəyərini və cəmiyyətin etimadını itirməməliyik

"Məncə, bu sahədə tənzimləmə mexanizmlərinin gücləndirilməsinə ciddi ehtiyac var. Psixoloji xidmət göstərən şəxslərin fəaliyyətinə lisenziya əsasında nəzarət olunmalı, diplom və praktik təcrübə tələbləri dəqiq şəkildə müəyyənləşdirilməli, istər fiziki, istər onlayn fəaliyyət göstərən mərkəzlər üçün dövlət səviyyəsində təsdiqlənmiş peşə standartları tətbiq edilməlidir. Eyni zamanda cəmiyyət də maarifləndirilməlidir ki, psixoloji dəstək almaq istədikləri şəxsin peşəkarlığını yoxlamadan bu prosesə daxil olmasınlar. Biz insanlar üçün psixoloji dəstəyi əlçatan etməliyik, lakin ucuzlaşdıraraq peşənin dəyərini və cəmiyyətin etimadını itirməməliyik.

Bugünkü reallıq onu göstərir ki, bu sahədə səmimi niyyətlərlə yola çıxan, amma sistemsiz şəkildə fəaliyyət göstərən şəxslər bəzən fərdin həyatını düzəltmək əvəzinə onu daha da çətin vəziyyətə salır. Psixologiya sahəsi istənilən təcrübəsiz müdaxiləyə açıq deyil və belə məsələlərdə istənilən məsuliyyətsizlik, dolayısı ilə, cəmiyyətin gələcəyinə vurulan zərbədir".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox