Azedu.az

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki, məzunlarının 70 faizi ilk 6 ayda işlə təmin olunur – MÜSAHİBƏ

Xəbərlər

7 Avqust 2025, 19:17
Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki, məzunlarının 70 faizi ilk 6 ayda işlə təmin olunur – MÜSAHİBƏ

Əmək bazarının dəyişən tələbləri, müasir texnologiyaların sürətli inkişafı və yeni ixtisas sahələrinin yaranması peşə təhsilinə olan ehtiyacı daha da artırır. Buna baxmayaraq, bir çox gənc və valideynlər hələ də ali təhsilə üstünlük verir, peşə təhsili ilə bağlı qərar verməkdə tərəddüd edirlər. Maraqlıdır, Azərbaycanda bu sahədə vəziyyət necədir? Müasir əmək bazarı hansı peşə sahiblərinə daha çox ehtiyac duyur? Ən önəmlisi,  ölkəmizdəki peşə təhsili müəssisələrinin imkanları bu tələbləri qarşılamaq üçün yetərlidirmi?

AzEdu.az xəbər verir ki, “Azərbaycan müəllimi”nin bu və digər suallarına Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov cavablandırıb.

“İşəgötürən üçün əsas olan diplom yox, real bacarıqlardır”

– Ceyhun müəllim, son dövrlərdə Azərbaycanda peşə təhsilinə olan maraq necədir? Artıb, yoxsa azalıb? 

– Vətəndaşlar, xüsusilə valideynlər ali təhsili hələ də ilk seçim kimi qəbul edirlər. Əlbəttə, burada hər hansı bir problem görmürəm, çünki bu, vətəndaşların seçimidir. İstər ali təhsil, istərsə də peşə təhsili olsun, hansı daha uyğundursa, onlar onu da  seçə bilərlər.
Lakin bu məsələyə daha geniş, qlobal kontekstdən baxmaq lazımdır. Hazırda dünyada iki əsas tendensiya müşahidə olunur. Birincisi, bir çox ölkələrdə artıq ali təhsilə qoyulan investisiyanın uzunmüddətli dövrdə insanlara nə dərəcədə geri qayıtdığı sual altındadır. Məsələn, ABŞ-də aparılmış maraqlı bir sorğunun nəticəsinə əsasən, əhalinin təqribən üçdə biri artıq ali təhsilə vəsaitin yatırılmasına dəyib-dəymədiyini düşünür. Çünki ali təhsil, xüsusən də keyfiyyətli təhsil dünyada kifayət qədər bahalıdır.

İkinci mühüm məqam odur ki, bir çox ölkələrdə ali təhsil alanların 30-40 faizi müxtəlif səbəblərdən təhsilini başa vura bilmir. Nəticədə ya diplom ala bilmirlər, ya da bu prosesə kifayət qədər vəsait və vaxt sərf edirlər. Bu da peşə təhsilinin daha çevik və əmək bazarına sürətli inteqrasiya imkanı yaratma baxımından alternativ və cəlbedici bir yol kimi dəyərləndirilməsinə səbəb olur. İkinci vacib məqam budur: bugünkü təhsil kimin üçündür? Hazırda əmək bazarına daxil olan nəsil tamamilə fərqli yanaşmaya malikdir. Onlar dünyaya daha açıqdırlar, qlobal trendləri izləyirlər və getdikcə peşə təhsilinə üstünlük verirlər. Niyə? Çünki bu nəsil daha tez nəticə görmək istəyir. Karyerasını qurmaq üçün daha qısa yollar axtarır. Onlar üçün praktiki bacarıqlar, çevik təhsil modelləri, qısa zaman kəsiyində peşə sahibi olmaq ön plandadır.

Artıq təkcə gənclərin yanaşması deyil, şirkətlərin işə qəbul meyarları da dəyişir. Əvvəllər işəgötürənlər daha çox ali təhsil diplomunu və ya konkret dərəcəni tələb edirdilər. Dünyadakı tendensiyalar göstərir ki, bu yanaşmaya da yenidən baxılır.
Getdikcə daha çox şirkət bacarıq əsaslı işə qəbul modelinə keçir. Yəni işəgötürən üçün əsas olan şəxsin praktiki bilik və vərdişlərə malik olmasıdır. Diplom yox, məhz real bacarıqlar!

Bütün bu faktorlar fonunda dünyada qəbul edilən reallıq budur: növbəti 10, 20, hətta 30 il ərzində peşə təhsilinə olan tələbat daha da artacaq. Azərbaycanda da bu tendensiyanı müşahidə edirik. Rəqəmlər göstərir ki, son illər ərzində vətəndaşlarımızın peşə təhsilinə marağı artmaqdadır.

“Hər il peşə təhsili müəssisələrinə müraciət edənlərin sayı 10–15 faiz artır”

– Son illərdə peşə təhsilinə olan maraq konkret rəqəmlərdə özünü necə göstərir? 

– Düzdür, insanlar arasında hələ də “peşə təhsili birinci seçim deyil” kimi fikirlər səslənir. Amma hazırda sənəd qəbulu davam edir, keçən ilin eyni dövrü ilə müqayisədə müraciət edənlərin sayında təxminən 20-30 faiz artım müşahidə olunur. Bu onu göstərir ki, peşə təhsili getdikcə daha çox diqqət mərkəzinə gəlir və bir çoxları üçün real, funksional alternativə çevrilir.
Rəqəmlərə nəzər yetirsək, bu marağın artdığını aydın şəkildə görə bilərik. Əgər biz 2020-ci ildə təxminən 14 min nəfəri peşə təhsili müəssisələrinə qəbul etmişdiksə, ötən il bu rəqəm 25 min nəfərə yaxınlaşıb. Bu isə təxminən iki dəfəyə yaxın artım deməkdir.
Ümumilikdə, hər il peşə təhsili müəssisələrinə müraciət edənlərin sayında 10–15 faiz artım olur. Bu, bir daha göstərir ki, peşə təhsili artıq daha geniş kütlənin diqqət mərkəzindədir və real seçim kimi qəbul olunur.

“Bu il keçənilki göstəriciləri üstələyəcəyimizi deyə bilərik”

– Maraqlıdır, hansı istiqamətlər və ixtisaslar gənclər üçün daha cəlbedicidir? 

– Ən çox maraq göstərilən ixtisaslar arasında aşpazlıq, avtomobil təmiri, IT və rəqəmsal texnologiyalar, logistika və tikinti sahələridir. Sevindirici haldır ki, yeni istiqamətlər üzrə də kifayət qədər müraciət daxil olur. Məsələn, yaşıl iqtisadiyyat, enerji səmərəliliyi, rəqəmsal dizayn, ağıllı kənd təsərrüfatı kimi sahələr üzrə də seçim edənlərin sayı artmaqdadır.
İndiyədək 28 minə yaxın vətəndaş peşə təhsili almaq üçün müraciət edib. Müqayisə üçün deyim ki, ötən il qəbulun ilk üç həftəsində bu rəqəm 25-26 min civarında idi. Qarşıda hələ təxminən bir həftəlik müddət var və buna görə də bu il keçənilki göstəriciləri üstələyəcəyimizi deyə bilərik. Bu da onu göstərir ki, ictimai rəydə peşə təhsilinə olan baxış dəyişməkdədir.
Eyni zamanda, müasir əmək bazarının tələbləri fonunda İT sahəsi üzrə ixtisaslara olan maraq da sürətlə artır. Şəbəkə inzibatçısı, qrafik dizayner, proqram təminatı mühəndisliyi, kiber təhlükəsizlik kimi istiqamətlər bu gün gənclər arasında xüsusi populyarlıq qazanıb.
Artıq bir neçə ildir ki, yaşıl enerji və yaşıl keçid istiqamətləri üzrə də yeni proqramlar təqdim etməyə başlamışıq. Hazırda bu sahə üzrə iki ixtisas üzrə qəbul aparılır və sevindirici haldır ki, bu proqramlara da maraq ildən-ilə artır.

“Peşə təhsilində süni intellektə dair modullar təhsil proqramlarının tərkib hissəsinə çevriləcək”

– Müasir dövrün tələbi olan süni intellekt alətləri artıq həyatımızın bütün sahələrinə daxil olub. Bəs bu texnologiyalar peşə təhsilinə və onun yeni ixtisaslarına necə sirayət edir? Sizin qeyd etdiyiniz istiqamətlərdə süni intellektə dair məzmunlar nəzərdə tutulurmu?

– Tamamilə haqlısınız. Süni intellekt artıq sadəcə texnoloji yenilik deyil, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Əgər biz bu texnologiyalardan düzgün istifadə etməyi bacarsaq, onlar bizim həm həyatımızı sadələşdirə, həm də məhsuldarlığımızı əhəmiyyətli dərəcədə artıra bilər.
Peşə təhsili baxımından da bu proses qaçılmazdır. Süni intellektin imkanları həm təhsil alanlar, həm də təhsilverənlər üçün yeni imkanlar yaradır. Bu texnologiyalar həm təlim prosesinin fərdiləşdirilməsində, həm praktiki bacarıqların simulyasiya yolu ilə öyrədilməsində, həm də qiymətləndirmədə effektiv şəkildə tətbiq oluna bilər.

Təhsil proqramlarını hazırlayarkən, ilk növbədə, əmək bazarının ehtiyaclarını nəzərə alırıq. Bu zaman bazarın iştirakçıları, yəni real işəgötürənlərlə birbaşa təmasda olub onların tələblərini əsas götürürük. Sevindirici haldır ki, artıq bəzi sahələrdə işəgötürənlər tərəfindən süni intellekt bacarıqları da tələblər siyahısına daxil edilir.

Ona görə də hesab edirik ki, yaxın illərdə peşə təhsilində süni intellektə dair modullar təhsil proqramlarının tərkib hissəsinə çevriləcək. Artıq dünyanın bir çox inkişaf etmiş ölkəsində, xüsusilə qabaqcıl sənaye dövlətlərində peşə təhsili səviyyəsində süni intellektə dair ixtisas və ya təlim proqramları tətbiq olunmağa başlayıb. Bu da Azərbaycanda bu istiqamətdə atılacaq addımların nə qədər zəruri və vaxtında olduğunu göstərir.

“Bu il “Rəqəmsal inşaat” adlı tamamilə yeni bir proqram təklif edirik”

– Biz əvvəllər xarici peşə təhsil müəssisələrinin fəaliyyətinə baxıb deyirdik ki, filan ölkədə peşə təhsili ilə əldə edilən ixtisasları biz yalnız ali təhsil yolu ilə qazana bilirik. İndi isə görünən odur ki, artıq bəzi istiqamətlərdə bu fərq aradan qalxır. Artıq hansı ixtisasları peşə təhsili ilə də qazana bilirik və gələcək planlarda nələr var?

– Çox maraqlı sualdır. Çünki bizdə uzun illər bir yanaşma mövcud olub: bu, ali, bu isə peşə təhsilidir. İnsanlar arasında peşə təhsili dedikdə ağıla ilk gələnlər nə olurdu? Qısamüddətli kurslar və konkret sahələr, məsələn, santexnik, bərbər, aşpaz, qaynaqçı və s. Adətən, cəmiyyətin düşüncəsində peşə təhsili bu cür “ənənəvi” ixtisaslarla assosiasiya olunurdu.

Amma artıq illərdir ki, bu təsəvvürü dəyişməyə çalışırıq. Çünki peşə təhsili yalnız texniki işçi hazırlamaq deyil, bu eyni zamanda yeni texnologiyalarla işləməyi bacaran mütəxəssis formalaşdırmaqdır. Məsələn, biz deyəndə ki, peşə təhsili ilə mühasibat ixtisasına da yiyələnmək mümkündür, bəziləri təəccüblənir. Halbuki bu gün bir çox peşə təhsili müəssisəsində bu proqram mövcuddur və tələbə oradan çıxandan sonra rahatlıqla həmin sahədə fəaliyyət göstərə bilir.
Yaxud kibertəhlükəsizlik. Bəli, bu gün bizdə kibertəhlükəsizlik ixtisası üzrə peşə təhsili verilir. Bu il “Rəqəmsal inşaat” adlı tamamilə yeni bir proqram təklif edirik. Bu sahə də peşə təhsili ilə əhatə olunacaq. İnsanlar çox zaman sual edirlər: “Bu, doğrudanmı peşə təhsilində ola bilər? Bəli, ola bilər. Hətta olmalıdır”.
Gələcək planlarımızda da bu tendensiyanı davam etdirmək var. Yəni biz artıq peşə təhsilində də daha mürəkkəb və yüksək texnoloji ixtisasları təqdim etməyə başlayırıq. Bu həm gənclərin seçim imkanlarını artırır, həm də iş dünyası üçün daha çevik, hazır və praktiki mütəxəssislər hazırlamağa imkan yaradır.
Digər vacib məqam odur ki, vətəndaşlarımız üçün artıq peşə təhsilində yeni bir mərhələ başlayıb. Bu da yüksək texnologiyalı peşə təhsilidir. Son dörd il ərzində bu sahədə ciddi inkişaf baş verib. Artıq peşə təhsili yalnız bir başlanğıc nöqtəsi deyil, həm də ömür boyu təhsil kontekstində davamlı inkişafı təmin edən bir mərhələdir.

Yəni bu gün yüksək texnologiyalı peşə təhsili müəssisələrini bitirən məzunlar istədikləri təqdirdə ali təhsil pilləsinə rahat keçid edə bilirlər. Bu isə təhsil sistemində çevikliyi, inteqrasiyanı və şəffaflığı göstərir.
Hazırda bizdə bu istiqamətdə təqribən 20-yə yaxın yüksək texnologiyalı ixtisas mövcuddur. 
Bu ixtisasların çoxu ali təhsildə təklif olunan ixtisaslar olsa da, bu gün artıq onlar peşə təhsilində də uğurla tədris edilir və əmək bazarına rəqabətqabiliyyətli kadrlar təqdim edir.
Peşə təhsilini bitirənlərin 30-40 faizi sonradan ali təhsil pilləsinə keçid edir. Bu isə onu göstərir ki, peşə təhsili artıq son nöqtə deyil, əksinə, bir mərhələ, bir pillə və davamlı inkişafın tərkib hissəsidir.

“Bir çox müəssisələrimizdə təhsilverən heyət müasir dövrün və sənayenin tələblərinə uyğun kadr hazırlamaqda çətinlik çəkir”

– Əvvəlki illərin məzunları və onların ixtisasları üzrə məşğulluq göstəricilərinə baxsaq, məqsədə hansı səviyyədə çatmışıq? 

– Hazırda ölkə üzrə statistikalar göstərir ki, peşə təhsilini bitirən məzunların təxminən 50–60 faizi əmək müqaviləsi əsasında işləyir. Bu, son illərin məlumatlarına əsasən formalaşan rəqəmdir. Amma nəzərə almaq lazımdır ki, bu göstərici yalnız əmək müqaviləsi ilə rəsmi şəkildə çalışanları əhatə edir.
Biz həmçinin bilirik ki, bir çox şəxslər fərdi sahibkar kimi fəaliyyət göstərir, yaxud qeyri-formal şəkildə əmək fəaliyyəti ilə məşğuldur. Xüsusilə də bəzi peşələr var ki, bu sahələrdə çalışan şəxslər heç bir yerdə rəsmi qeydiyyatda deyillər, lakin real olaraq işləyirlər. Bu kateqoriyaları da nəzərə alsaq, məşğulluq baxımından kifayət qədər qənaətbəxş nəticələrin olduğunu deyə bilərik. 

Lakin bu o demək deyil ki, bütün peşə məktəblərində göstəricilər eynidir. Elə müəssisələrimiz var ki, orada məzunların 70 faizi ilk 6 ay–1 il ərzində işlə təmin olunur. Amma eyni zamanda daha zəif nəticələr göstərən müəssisələr də var. Burada əsas məsələ həm də keyfiyyətlə bağlıdır. Yəni təhsilverənlərin peşəkarlığı, infrastrukturun səviyyəsi və əmək bazarının tələblərinə uyğunluq çox önəmli rol oynayır.
Təəssüf ki, bir çox müəssisələrimizdə təhsilverən heyət müasir dövrün və sənayenin tələblərinə uyğun kadr hazırlamaqda çətinlik çəkir. Bu, reallıqdır və ciddi şəkildə nəzərə alınmalıdır.

Eyni zamanda, bir çox hallarda təklif etdiyimiz ixtisaslar regionların, rayonların və şəhərlərin iqtisadi potensialına və əmək bazarının real tələblərinə tam cavab vermir. Bu sahədə də işlər aparılır və uyğunlaşma istiqamətində addımlar atılır.
Digər bir vacib məsələ isə peşə təhsili müəssisələrinin infrastrukturu və maddi-texniki bazası ilə bağlıdır. Çünki ölkəmizdə peşə təhsili əsasən məktəb əsaslı model üzərində qurulub. Yəni təhsil prosesi əsasən məktəbdə baş verir. 
Ümid edirik ki, növbəti illərdə dövlətin diqqəti və dəstəyi nəticəsində peşə təhsili müəssisələrinin infrastrukturu daha da gücləndiriləcək.

“Növbəti 5-10 il ərzində peşə təhsilinə cəlb olunan gənclərin sayını 50 min nəfərə qədər artıra biləcəyik”

– Hansı bölgələrdə yeni peşə təhsili müəssisələrinin və ixtisaslarının açılması planlaşdırılır? Çünki bu məsələ regionların məşğulluğu baxımından olduqca aktualdır. 

– Bəli, əlbəttə. Bildiyiniz kimi, son illər peşə təhsili sahəsində mühüm addımlar atılıb, yeni təhsil müəssisələri yaradılıb. Bərdə və Cəlilabad şəhərlərində peşə təhsil mərkəzləri açılıb. Bu gün həmin mərkəzlər ölkə üzrə ən çox müraciət olunan, ən çox tələbə qəbul edən müəssisələr sırasındadır.

Məsələn, 2021-ci ildə fəaliyyətə başlayan Bərdə Peşə Təhsil Mərkəzində bu gün artıq 1200-dən çox tələbə təhsil alır. Bu, müəssisənin ilkin layihə tutumundan daha çoxdur və gənclərin peşə təhsilinə artan marağının göstəricisidir. Cəlilabadda da eyni vəziyyət müşahidə olunur.
Bu il sevindirici xəbərlərdən biri də Lənkəranda yeni peşə təhsil mərkəzinin istifadəyə verilməsidir. Bu bizim üçün həm uğur, həm də təhsil sisteminə verilən mühüm töhfədir.
Eyni zamanda, bir sıra bölgələrdə yeni peşə təhsil mərkəzlərinin tikintisi davam edir.
Qubada, Füzulidə, Şuşada müasir peşə təhsil müəssisələri tikilməkdədir. Bundan əlavə, mövcud müəssisələrin təmiri və modernləşdirilməsi də davam edir. Məsələn, Beyləqanda yerləşən peşə təhsil müəssisəsində əsaslı təmir işləri aparılır.
Biz gələcək illərdə də yeni peşə təhsil müəssisələrinin inşasını planlaşdırırıq. Əgər bu istiqamətdə islahatlar ardıcıl davam etdirilərsə, inanırıq ki, növbəti 5-10 il ərzində peşə təhsilinə cəlb olunan gənclərin sayını 50 min nəfərə qədər artıra biləcəyik.

“Kadr məsələsi bu sahədə ən ciddi çətinliklərdən biridir”

– Qeyd etdiniz ki, “yaşıl enerji” üzrə ixtisaslar mövcuddur. Bu sahə bir qədər daha yüksək resurs tələb edən, yəni daha bahalı tədris proqramıdır. Həm agentlik, həm də müəssisələr texniki və metodik resurslar  və kadr potensialı baxımından həmin proqramların tədrisinə hazırdırlar? 

– Bilirsiniz ki, Azərbaycanda yaşıl enerji ilə bağlı dövlət səviyyəsində geniş strategiya mövcuddur. Biz də bu dövlət siyasətini nəzərə alaraq, gələcəyin ixtisas sahələrinə indidən hazırlıq görmək üçün həmin istiqamətdə tədris proqramları hazırlamağa başladıq.

Artıq Azərbaycanda günəş və külək enerjisi ilə bağlı bir neçə milyard dollar dəyərində həm xarici, həm də yerli investisiya layihələri icra olunur. Bu, təkcə iqtisadi baxımdan deyil, həm də təhsil və insan kapitalının hazırlanması baxımından ölkəmiz üçün strateji əhəmiyyət daşıyır.
Bəs bu inkişaf edən sənayeni necə dəstəkləməliyik? Əlbəttə, burada təhsilin rolu böyükdür. Bu sahədə istər günəş, istərsə də külək enerjisi sahəsində həyata keçirilən layihələrin əsas hissəsini yerinə yetirəcək şəxslər peşə təhsilli texniki mütəxəssislər olmalıdır.
Məhz bu ehtiyacı nəzərə alaraq, 2023-cü ildə ilk addımı atdıq və yaşıl enerji üzrə iki yeni təhsil proqramı hazırladıq. Onlardan biri birillikdir. Bu prroqramlar “Günəş panellərinin quraşdırılması və təmirinə, digəri isə yüksək texniki peşə səviyyəsində alternativ enerji sistemlərinin idarə olunmasına yönəlib.
Lakin, əlbəttə, təkcə proqramın yaradılması ilə iş bitmir. Bu proqramların uğurla həyata keçirilməsi üçün həm müasir tədris resursları, həm də ixtisaslı müəllim heyəti tələb olunur.

Bu məqsədlə biz dünyada tanınmış tədris vəsaitlərini Azərbaycan dilinə uyğunlaşdıraraq ölkəmizin reallıqlarına inteqrasiya etdik. Burada haqlı olaraq belə bir sual ortaya çıxır: bu proqramları kim tədris edəcək?
Kadr məsələsi bu sahədə ən ciddi çətinliklərdən biridir. Məhz buna görə problemi həll etmək üçün özəl sektorla əməkdaşlıq qurduq. Alternativ enerji sahəsində ölkəmizdə fəaliyyət göstərən aparıcı şirkətlərlə birbaşa əlaqə yaratdıq. Onları həm müəllimlərin hazırlanmasına, həm də birbaşa tədris prosesinə cəlb etdik.

Vacib məqamlardan biri budur ki, bu proqramlar hələlik bütün ölkə üzrə deyil, pilot olaraq yalnız iki müəssisədə həyata keçirilir. Bu həm keyfiyyətə nəzarət, həm də nəticələri daha effektiv dəyərləndirmək üçün vacibdir. Bu istiqamətdə uğurlu əməkdaşlıq nümunələrindən biri kimi qeyd etmək istərdim: biz peşə təhsili müəssisələrinin maddi-texniki bazasını gücləndirmək məqsədilə bp və tərəfdaş şirkətlərin dəstəyi ilə cəmi bir həftə əvvəl iki müəssisəmizdə “Mükəmməllik Mərkəzi” və günəş-külək panellərinin öyrədilməsi üçün elektron emalatxanalar (e-mağazalar) quruldu.

– Biz Bakı və regionlardan danışdıq. İndi isə işğaldan azad olunmuş ərazilərdə peşə təhsili sahəsində görülən işlər barəsində məlumat verməyinizi istərdim.

– Bildiyiniz kimi, Qarabağ azad edildikdən sonra “Böyük Qayıdış” Dövlət Proqramı qəbul edildi. Bu proqramda bir sıra prioritetlər müəyyənləşdirilib və peşə təhsilinin bu ərazilərdə bərpası da əsas istiqamətlərdən biridir.
Qeyd edim ki, işğaldan əvvəl həmin ərazilərdə müxtəlif peşə təhsil müəssisələri fəaliyyət göstərirdi. Təəssüf ki, onların bir çoxu fəaliyyətini dayandırmışdı, bəziləri isə uzun müddət məcburi köçkünlərin məktəbi kimi fəaliyyət göstərməyə davam edirdi.
Hazırda bu sahədə iki əsas istiqamətdə işlər görülür.

Peşə təhsilinin infrastrukturunun bərpası ilə bağlı bir qədər əvvəl danışdım. Agentlik tərəfindən “Böyük Qayıdış” proqramı çərçivəsində peşə təlimləri də həyata keçirilir. 
Bu istiqamət Qarabağa qayıdacaq vətəndaşların qısamüddətli peşə təlimlərinə cəlb edilməsini nəzərdə tutur. Məqsəd onları geri döndükdən sonra əmək bazarında rəqabətədavamlı bilik və bacarıqlarla təmin etməkdir.
Artıq 800-ə yaxın vətəndaş bu təlimlərə cəlb olunub. Onlar 40-a yaxın istiqamət üzrə müxtəlif peşə sahələrində bilik və praktiki bacarıqlar əldə ediblər. Təlimlərin sonunda dövlət tərəfindən tanınan sertifikatlar təqdim olunur.

“Ölkədə hələ də obyektiv səbəblərdən infrastrukturu zəif olan peşə təhsili müəssisələri var və onların bərpası zaman və resurs tələb edir”

– Peşə təhsili müəssisələrinin maddi-texniki bazası və infrastrukturla bağlı bəzi regionlarda vəziyyət ürəkaçan deyil. Bununla bağlı fikrinizi bilmək istərdik.

– Bu istiqamətdə dövlətin diqqəti artmaqdadır. Son 10 ildə peşə təhsili sistemində infrastrukturun yenilənməsi və müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Təkcə ötən il 10-a yaxın müəssisənin təmir prosesi tamamlanıb və həmin müəssisələrdə artıq keyfiyyətli peşə təhsili üçün bütün şərait yaradılıb.

Nümunə kimi Neftçala və Tərtər rayonları göstərilə bilər. Burada əvvəl köhnə binalarda tədris aparılırdısa, indi müasir standartlara cavab verən şərait mövcuddur. Bununla belə, ölkədə hələ də obyektiv səbəblərdən infrastrukturu zəif olan peşə təhsili müəssisələri var və onların bərpası zaman və resurs tələb edir. Bizim bir çox müəssisələrimiz var ki, Qarabağın işğalı dövründə məcburi köçkün olan vətəndaşlarımıza ilk qapılarını açan müəssisələrdən olub. Çünki həmin müəssisələrin əksəriyyətində yataqxanalar mövcud idi. Bu gün isə bizim peşə təhsili müəssisələrinin təqribən 50 faizində hələ də köçkünlər məskunlaşıb. Onlar öz torpaqlarına qayıtdıqca bu müəssisələrin yenidən qurulması istiqamətində işlərin görülməsi planlaşdırılacaq.

Yaddan çıxarmamalıyıq ki, ölkəmizdə məktəb əsaslı peşə təhsili sistemi mövcuddur. Yəni peşə təhsilinin keyfiyyətli olması üçün təkcə bina tikmək kifayət etmir. Beynəlxalq təcrübə də göstərir ki, bu sahədə uğur qazanmaq üçün təkcə infrastruktur deyil, eyni zamanda emalatxanalar, avadanlıqlar və digər komponentlər də olmalıdır. Peşə təhsili müəssisəsinin qurulması, sadəcə bir binanın tikintisindən daha baha başa gəlir. Çünki binayla yanaşı, emalatxana da tikilməlidir. Emalatxana tikiləndə ora avadanlıq yerləşdirilməlidir, həmin avadanlıqları işlətmək üçün isə mal və materiallar tələb olunur.
Bu baxımdan son illərdə Azərbaycanda peşə təhsili infrastrukturuna qoyulan investisiyalar həqiqətən də çox böyükdür. 

Növbəti 5-10 il ərzində ölkəmizdə 20-25 peşə təhsili müəssisəsinin yenidən qurulması ilə bağlı konkret təkliflərimiz var. Əgər bu planlar həyata keçərsə, yaxın 10 ildə biz 50 minə yaxın şəxsin peşə təhsilinə cəlb olunmasını təmin edə bilərik.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox