Təhsil Nazirliyi lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul qaydalarını açıqlayıb. Qəbul V, VI, VII və VIII siniflər üzrə aparılır və hər sinif üçün sual sayı və toplana biləcək maksimum bal fərqlidir.
AzEdu.az xəbər verir ki, V sinif üzrə imtahanda ümumilikdə 45 sual təqdim olunur. Bunlardan 15-i tədris dili, 30-u isə riyaziyyat fənni üzrədir. Bu suallar ümumilikdə 50 balla qiymətləndirilir. Digər siniflərdə isə sual sayı artır. VI, VII və VIII siniflər üzrə 20 tədris dili, 40 riyaziyyat sualı təqdim olunur və bu suallar ümumilikdə 65 balla qiymətləndirilir.
Qiymətləndirmə sistemində sualların çətinlik səviyyəsinə görə fərqli ballar verilir. Belə ki, hər fənn üzrə son 5 sual 1,5 balla, digərləri isə 1 balla qiymətləndirilir.
Seçim mərhələlərində iştirak üçün minimum iştirak balı 10 bal müəyyən olunub. Bərabər bal toplayan abituriyentlər arasında üstünlük meyarları da dəqiq şəkildə müəyyənləşdirilib. Bu zaman öncə riyaziyyat fənnində 1,5 ballıq, daha sonra 1 ballıq suallardan toplanmış nisbi ballar əsas götürülür. Eyni ardıcıllıqla tədris dili fənnində toplanan ballar da nəzərə alınır.