Azedu.az

Qazlı içkilərin uşaqlar üçün yaratdığı TƏHLÜKƏLƏR

Xəbərlər

7 Avqust 2025, 14:27
Qazlı içkilərin uşaqlar üçün yaratdığı TƏHLÜKƏLƏR

Müasir dövrdə uşaqların gündəlik qida rasionunda qazlı içkilərin yer alması ciddi narahatlıq doğurur. Marketlərdə asanlıqla əldə edilə bilən bu içkilər uşaqlar üçün cəlbedici olsa da, onların sağlamlığına ciddi təhlükələr yarada bilər. 

AzEdu.az mövzu ilə bağlı araşdırma aparıb. 

Belə ki, qazlı içkilər ilk növbədə diş sağlamlığına zərər verir. Tərkibindəki yüksək şəkər miqdarı və turşulu maddələr diş minasını zəiflədir, kariyesin yaranma riskini artırır. Bundan əlavə, qazlı içkilərdəki bəzi kimyəvi maddələr sümük inkişafını da mənfi təsirə məruz qoyur. Fosfor turşusu və digər qatqılar orqanizmdə kalsiumun səviyyəsini azaldaraq sümük quruluşunun zəifləməsinə səbəb olur. Bu isə inkişaf mərhələsində olan uşaqlar üçün ciddi təhlükə hesab edilir.

Bu cür içkilər uşaqlarda piylənmə və metabolik pozuntulara səbəb ola bilər. Qazlı içkilər yüksək kalori verir, lakin heç bir faydalı qida dəyəri daşımır. Bu isə artıq çəki, insulin müqaviməti və gələcəkdə şəkər xəstəliyi riskini artırır. Həmçinin qazlı içkilərdəki bəzi maddələrin uşaqlarda diqqət dağınıqlığı və hiperaktivlik kimi psixoloji təsirlər yarada biləcəyini də ortaya qoyur. Bəzi içkilərin tərkibində olan süni rəngləndiricilər və konservantlar davranış problemləri ilə əlaqələndirilir.

Bu içkilər asılılıq yaratma potensialına da malikdir. Uşaqlar su və təbii içkilər əvəzinə qazlı içkilərə üstünlük verməyə başlayır və bu vərdiş onların ümumi sağlamlığına mənfi təsir göstərir. Uşaqların qazlı içkilərdən uzaq tutulması, əvəzində su, süd, təbii meyvə şirələri kimi faydalı içkilərə yönləndirilməsi üçün maarifləndirmə işləri gücləndirilməlidir.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox