Ali məktəbə qəbul üçün abituriyentlər artıq hazırlıqlara başlayıblar. Nəzərə alsaq ki, ölkəmizdə yay ayları xüsusilə isti keçir, bu amil abituriyentlərin hazırlıq prosesinə təsir göstərə bilər.
Hazırlığa başlamaq üçün ən uyğun vaxt nə zamandır?
Mövzu ilə bağlı AzEdu.az-a Örnək müəllim, riyaziyyat müəllmi Tural Fərəcov danışıb.
Hazırlıqlara sentyabrdan başlamaq daha məqsədəuyğundur
"Hazırlıqlara sentyabr ayından başlamağı daha məqsədəuyğun hesab edirəm. Şagirdlər minimum IX, X və XI siniflərdən etibarən hazırlıqlara başlamalıdırlar. Bəzən elə şagirdlər olur ki, riyaziyyat fənnindən baza bilikləri kifayət qədər zəifdir. Bu səbəbdən, IX sinifdən belə hazırlığa başlasalar da, istədikləri nəticəni əldə edə bilmirlər".
Riyaziyyat fənni ciddi düşüncə, ardıcıllıq və uzunmüddətli hazırlıq tələb edən çətin fənlərdən biridir
"Düşünürəm ki, abituriyentin yüksək nəticə əldə etməsi üçün hazırlığa ən geci VIII sinifdən başlaması məqsədəuyğundur. Bu, təkcə ali məktəb imtahanı üçün deyil, eyni zamanda IX sinif buraxılış imtahanında da yüksək nəticə əldə etməyə imkan yaradır və şagird üçün əlavə motivasiya mənbəyinə çevrilir.
Qeyd etmək lazımdır ki, riyaziyyat fənni ciddi düşüncə, ardıcıllıq və uzunmüddətli hazırlıq tələb edən çətin fənlərdən biridir. Ona görə də bu sahədə uğur əldə etmək üçün zamanında və sistemli yanaşma vacibdir".