Yay aylarında havaların normadan artıq isti keçməsi insan sağlamlığı üçün bir sıra təhlükələr yaradır. Xüsusilə uzun müddət birbaşa günəş şüaları altında qalmaq, bədən temperaturunun kəskin şəkildə artmasına - yəni günvurmaya səbəb ola bilər. Xüsusilə uşaqlar bu risqə daha həssasdırlar, çünki onların orqanizmi hələ tam inkişaf etmədiyindən istilik tarazlığını qorumaqda çətinlik çəkir. Günvurma isə uşaqlar üçün sadəcə narahatlıq deyil, bəzən həyati təhlükə də yarada bilər.
Günvurma - orqanizmin uzun müddət birbaşa günəş şüalarına məruz qalması nəticəsində bədən temperaturunun artması, sinir sisteminin zədələnməsi və su-duz balansının pozulmasıdır. Bu hal xüsusilə 5 yaşa qədər uşaqlarda daha tez baş verir və ağır nəticələrə səbəb ola bilər.
Həkim pediatr Arzu Xəlilova deyir ki, gün şüalarının təsiri nəticəsində baş beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Nəticədə uşaqda bir sıra hallar müşahidə edilir. Günvurma ümumi zəiflik, bədən hərarətinin 39-41° -ə qədər yüksəlməsi, başgicəllənmə, baş ağrısı ilə xarakterizə olunur. Əsas əlamətləri qızarmış sifət, dəhşətli baş ağrısı və başgicəllənməsidir. Bu əlamətlərdən sonra gözlərin qaralması, ürək bulanması və müəyyən hallarda isə qusma baş verir. Bəzən burundan qanın axması və görmə qabiliyyətinin pozulması da olur. Yardım göstərilmədikdə xəsarət alan huşunu itirir, təngnəfəs olur, nəbzi sürətlənir, ürək fəaliyyəti pozulur: “Uşağın iştahı azalır, nəticədə o yeməkdən imtina edir, dərisi qızarır və quruyur, nəbz sürətlənir və nəfəs darlığı müşahidə olunur. Vəziyyətin şiddətindən asılı olaraq ürək bulanması, qusma və ishal inkişaf edə bilər. Ağır hallarda müxtəlif orqan və sistemlərinin zədələnməsini göstərən qıcolmalar və huşun itirilməsi, burun qanaması, görmə pozğunluqları və digər simptomlar müşahidə olunur. Bu əlamətləri müşahidə etdikdə dərhal təcili tibbi yardım çağırmaq və uşağı sərin yerə aparmaq lazımdır”.
Həkimin sözlərinə görə, günvurma əlamətləri müşahidə edilən zaman dərhal həkimə müraciət edilməlidir. İlkin yardım ondan ibarətdir ki, uşağı kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq, başı yan tərəfə əymək (qusma olduğu təqdirdə boğulma baş verməsin) lazımdır. Ondan başqa, uşağın hərarəti artdığı təqdirdə üzünü və adi otaq temperaturunda olan su ilə silməli, başına, boyunun yan tərəflərinə soyuq kompress qoymaq lazımdır. Kompresslər məhz sərin olmalıdır. Eyni zamanda, ona fasilə ilə bol miqdarda maye vermək lazımdır.
Arzu Xəlilova bildirib ki, uşaqlar yay fəslində açıq havada oynamaya meyillidirlər, lakin onların sağlamlığını qorumaq üçün valideynlər mütləq tədbir görməlidirlər. Sadə, lakin təsirli tədbirlərlə uşaqları bu təhlükədən qorumaq mümkündür: “Günəşin ən güclü olduğu saatlar - 12:00-dan 17:00-a qədər - uşaqların birbaşa günəş altında qalması qəti şəkildə tövsiyə olunmur. Bu saatlarda mümkün qədər uşağı evdə və ya sərin, kölgəli yerlərdə saxlamaq məsləhətdir. Tənəffüs edən, pambıq materialdan olan, bədəni tam örtməyən açıq rəngli geyimlər uşağın bədənini günəşdən qoruyur və istilik yığılmasının qarşısını alır. Geniş kənarlı papaq uşağın başını və üzünü birbaşa günəşdən qoruyur. UV filtrli günəş eynəkləri də gözləri zərərli şüalardan mühafizə edir. Uşaqları oyun zamanı ağac kölgəsi, çətir altı və ya sərin otaqlarda saxlamaq lazımdır. Evdə isə ventilyasiya və ya kondisioner vasitəsilə temperatur nizamlanmalıdır. Uşaqlar susadığını hər zaman deməyə bilər. Buna görə valideynlər onlara tez-tez su içirməli, susuzluğun qarşısını almalıdır. Qazlı içkilər və ya şəkərli sular əvəzinə təmiz su və ya təbii meyvə suları daha uyğundur”.
Həkim əlavə edib ki, günəş şüaları qəbul etmək uşaq orqanizmi üçün əhəmiyyətlidir. Amma müvafiq satlarda qəbul edilən zaman: "Günəş şüası orqanizmin D vitamininə ola təlabatını təmin edir. D vitamini immun sistemin güclənməsi, sümüklərin sağlamlığı üçün olduqca əhəmiyyətlidir. Gündəlik D vitamini ehtiyacınızı ödəmək üçün səhər saat 7 ilə 11 arasında günəş şüalarını qəbul etmək ən optimal vaxtdır. Digər saatlarda qəbul edilən gün şüaları isə orqanizm üçün zərərlidir”.
Pediatr qeyd edib ki, yay aylarında fiziki aktivlik uşaqların sağlam inkişafı üçün vacibdir. İdman həm fiziki, həm də psixoloji cəhətdən uşağın inkişafını dəstəkləyir. Lakin havaların çox isti keçdiyi günlərdə, xüsusilə +35°C və daha artıq temperatur müşahidə olunanda, açıq havada və gün altında aparılan idman fəaliyyəti uşağın sağlamlığı üçün riskli ola bilər. Bu səbəbdən valideynlər və məşqçilər diqqətli olmalı, idmanla məşğul olma şəraitini düzgün planlamalıdırlar:
“İstifadə havalarda uşağın aktiv fiziki fəaliyyət göstərməsi bir sıra təhlükələrə səbəb ola bilər. İdmanla məşğul olan zaman bədənin su-duz balansının pozulması baş verir. Bədən çoxlu tərlə maye və elektrolit itirirdiyi üçün yorğunluq, halsızlıq və başgicəllənmə kimi hallar müşahidə edilir. Ona görədə idmanla məşğul olan zama çoxlu maye qəbul etmək vacibdir. Uşaqların termorequlyasiya (istiliyi tənzimləmə) sistemi böyüklərə nisbətən zəif işlədiyindən, istilik şoku və ya huşun itirilməsi kimi hallar onlarda daha sürətlə inkişaf edir. İsti hava idmanın tamamilə dayandırılması demək deyil. Əsas məsələ təhlükəsiz şərait yaratmaq və balansı qorumaqdır. İdman məşqləri səhər saatlarında -07:00–10:00 və ya axşamüstü -18:00-dan sonra təşkil olunmalıdır. Bu saatlarda günəşin təsiri zəif, hava isə daha sərin olur. Açıq havada məşq ediləcəksə, mütləq kölgəli, ağaclı və ya xüsusi örtüklü ərazilər seçilməlidir. Ən ideal variant isə yay aylarında qapalı, kondisionerli idman zallarıdır. Məşqdən əvvəl, məşq zamanı və sonra uşağa mütəmadi su içirmək vacibdir. İdman içkiləri (elektrolit tərkibli) müəyyən hallarda istifadə oluna bilər, amma əsasən təmiz su daha uyğundur. İdman geyimi yüngül, pambıq materiallı, açıq rəngli və rahat olmalıdır. Başına isə gün papağı taxılması tövsiyə olunur. Uşağın idmanla məşğul olması onun fiziki və zehni inkişafı üçün vacibdir. Lakin istifadə havalarda bu fəaliyyətin təhlükəsiz şəkildə təşkili əsas şərtdir. Əsas məqsəd - uşağın sağlamlığını qoruyaraq ona hərəkətli həyat tərzini sevdirə bilməkdir”.
Nərmin Qarazadə