Ölkəmizdə yay ayları xüsusilə isti keçir. Bu hava şəraitindən isə daha çox azyaşlılar və onların anaları əziyyət çəkir. İsti havalarda uşaqların iştahası azalır, yemək istəməmələri isə analarda narahatlıq yaradır. Eyni zamanda bəzi valideynlər müəyyən qidaları övladlarına verməkdən çəkinirlər və bu da əlavə təşvişə səbəb olur.
İsti yay günlərində analar övladları üçün hansı yemək seçimlərinə üstünlük verməlidirlər?
Mövzu ilə bağlı AzEdu.az pediatr Şəlalə Poluxova ilə həmsöhbət olub.
O qeyd edib ki, iştahın azalması yayda normaldır, məcburən yeməyə təzyiq göstərmək əvəzinə, kiçik porsiyalarla, rəngarəng və maraqlı təqdimatlar hazırlamaq faydalı ola bilər.
"İsti yay günlərində uşaqların qidalanması ilə bağlı anaların narahatlığı tamamilə haqlıdır. İsti hava şəraiti uşaqların metabolizmasına, iştahına və ümumi sağlamlıq vəziyyətinə təsir göstərir. Yay aylarında mövsümünə uyğun meyvə və tərəvəzlərə üstünlük verilməlidir. Vitamin və minerallarla zəngin olduğu üçün, həm də tərkibindəki suyun miqdarına görə isti yay aylarinda istifadəsi önəmlidir. Daha çox yüngül, nisbətən az yağlı yeməklər verilməlidir. Sulu yeməklər həm qidalandiricidir, həm də orqanizmin su ehtiyacını qarşılayır. Protein olaraq yağsız ət novlərindən, suda qaynadilmış yumurtadan istifadə oluna bilər. Ümumiyyətlə yeməklərdə qizartma deyil, buxarda və ya qaynadılmış yeməklərə üstünlük vermələri tövsiyə olunur. Ağartı məhsullarından qatıq, kefir, ayran həm sərinləşdirici kimi, həm də bağırsaq florasını dəstəklədiyi üçün vacib rol oynayır".
Hansi qidalarin verilməsi təhlükəlidir?
"İsti havada tez xarab olan məhsullar. Misal, kremli tortlar, mayonezli salatlar. Uzun müddət açıq havada qalmış süd məhsulları qida zəhərlənmələrinə səbə ola bilər. Qızartmalar və yağlı yeməklərdən uzaq durmaq tövsiyə olunur. Paketli qidalar və qazlı içkilər zərərlidir. Tərkibində çoxlu miqdarda şəkər və süni qida əlavələri olan məhsullar iştahı azaldır, bədəni susuzlaşdırır və diş sağlamlığına mənfi təsir edir. Yay aylarında uşaqların gün ərzində yetərli miqdarda su içməsi çox önəmlidir.
İştahın azalması yayda normaldır, məcburən yeməyə təzyiq göstərmək əvəzinə, kiçik porsiyalarla, rəngarəng və maraqlı təqdimatlar hazırlamaq faydalı ola bilər".