“Məktəblilərimiz hər il müxtəlif beynəlxalq fənn olimpiadalarında iştirak edirlər. Beynəlxalq fənn olimpiadalarında ölkəmizi təmsil edəcək komanda respublika fənn olimpiadalarında yüksək nəticə göstərmiş şagirdlər sırasından seçim əsasında formalaşdırılır”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutu “Azərbaycan müəllimi”nə məktəblilərimizin 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında medal qazana bilməməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.
Qeyd edilib ki, beynəlxalq olimpiadalara hazırlıq mərkəzində yerli və əcnəbi mütəxəssislər tərəfindən həmin şagirdlərin hazırlıq prosesi həyata keçirilir:
“Sözügedən olimpiadada iştirak edən komandamızın nəticələri tərəfimizdən təhlil edilir və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüləcək”.
Məlumatda əlavə olaraq bu da bildirilib ki, son 5 ildə sözügedən Beynəlxalq Riyaziyyat Olimpiadasında məktəblilərimiz 2 gümüş və 8 bürünc olmaqla ümumilikdə 10 medal qazanıblar.
Bundan başqa, Azərbaycan məktəbliləri 2024-2025-ci tədris ilində riyaziyyat fənni üzrə bir neçə beynəlxalq olimpiadada iştirak edib və uğurlu nəticə göstəriblər:
- Özbəkistanda keçirilən Beynəlxalq Əl-Xərəzmi Olimpiadası– 2 qızıl və 2 gümüş medal
- Şimali Makedoniyada keçirilən Yeniyetmələrin Beynəlxalq Balkan Olimpiadası - 1 qızıl, 2 gümüş və 2 bürünc medal (JBMO 2025)
- Qazaxıstanda keçirilən Beynəlxalq Jautıkov Olimpiadası - 1 bürünc medal ( İZHO 2025)
- Bosniya və Hersoqovinada keçirilən Balkan Riyaziyyat Olimpiadası – 1 gümüş və 2 bürünc medal (BMO 2025)
- Avstraliyada keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadası – 4 həvəsləndirici mükafat ( IMO 2025)