Son illərdə azyaşlılara qarşı cinsi istismar hallarına dair xəbərlər cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür cinayətlər təkcə mənəvi və psixoloji baxımdan deyil, hüquqi müstəvidə də ən ağır və qətiyyətlə cəzalandırılan əməllər sırasındadır.
Dünyanın bir çox ölkəsində bu cinayətə qarşı sərt qanunvericilik tədbirləri mövcuddur. Bəzi ölkələr ömürlük həbs, kimyəvi kastrasiya və hətta ölüm cəzası kimi sanksiyalar tətbiq edir.
AzEdu.az mövzu ilə bağlı araşdırma edib.
Azərbaycan
Azərbaycanda Cinayət Məcəlləsinə əsasən, 12 yaşdan kiçik uşaqlara qarşı cinsi istismar 14 ildən 20 ilə qədər, bəzi hallarda isə ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təqsirkar şəxslər həmçinin müəyyən peşələrdən məhrum edilə və daimi nəzarətdə saxlanıla bilərlər.
Türkiyə
Türkiyədə azyaşlılara qarşı cinsi zorakılığa görə cəzalar son illərdə sərtləşdirilib. Qanunvericiliyə görə, bu cür cinayətlərə görə minimum 12 il, ağırlaşdırıcı hallarda isə ömürlük həbs cəzası nəzərdə tutulur. Məhkəmə qərarı ilə kimyəvi kastrasiya da tətbiq oluna bilər.
ABŞ
Birləşmiş Ştatlarda bu cinayətlər ştatlara görə fərqli cəzalandırılsa da, əksər hallarda 25 ildən başlayaraq ömürlük həbsə qədər cəzalar tətbiq olunur. Luiziana və Florida kimi bəzi ştatlarda isə ölüm cəzası qanunvericilikdə mövcuddur. Cinsi cinayətkarlar daimi nəzarət altına alınır və xüsusi reyestrlərdə qeydiyyatda qalır.
Böyük Britaniya
Böyük Britaniyada azyaşlılara qarşı cinsi istismar 10 ildən 30 ilə qədər və ya ömürlük həbs cəzası ilə nəticələnə bilər. Təqsirkar şəxslərə qarşı elektron nəzarət, fəaliyyət məhdudiyyətləri və cinsi cinayətkar kimi daimi qeydiyyat tədbirləri tətbiq olunur.
Fransa
Fransada 15 yaşdan aşağı uşaqlarla cinsi münasibət qanunla qəti şəkildə qadağandır və belə hallarda təqsirkarlar 20 ilə qədər, zor tətbiq edilərsə isə ömürlük həbs cəzası ilə cəzalandırıla bilərlər.
Almaniya
Almaniyada 14 yaşdan aşağı uşaqlarla cinsi əlaqə 5 ildən 15 ilə qədər həbs cəzası ilə nəticələnir. Təkrar və zorakı hallarda isə ömürlük azadlıqdan məhrumetmə mümkündür.
İsveçrə
İsveçrədə 16 yaşdan aşağı uşaqlara qarşı seksual istismara görə 1 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Uşaq pornografiyasına sahib olmaq və yaymaq da ağır cinayət sayılır. Məhkəmə psixoloji müalicə və nəzarət tədbirləri də təyin edə bilər.
İran
İranda azyaşlılara qarşı cinsi istismar şəriət qanunlarına əsasən son dərəcə sərt cəzalandırılır. 15 yaşdan kiçik uşaqlarla cinsi əlaqə edam və ya ömürlük həbs cəzası ilə nəticələnə bilər. Xüsusilə 9 yaşdan aşağı qız uşaqlarına qarşı törədilmiş cinayətlər üçün bu cəza halları geniş tətbiq olunur.
Rusiya
Rusiya Federasiyasında 12 yaşdan aşağı uşaqlara qarşı cinsi zorakılığa görə 12 ildən 20 ilə qədər həbs, təkrar cinayət və zorakılıq halında isə ömürlük həbs cəzası verilir. 2023-cü ildə qanunvericiliyə edilən dəyişikliklərə əsasən, pedofillərə qarşı kimyəvi kastrasiya da məhkəmə qərarı ilə icra edilə bilər.
Gürcüstan
Gürcüstanda 16 yaşdan aşağı uşaqlarla cinsi münasibətlər 8 ildən 20 ilə qədər həbs cəzası ilə nəticələnir. Əgər zor tətbiq edilibsə və ya cinayət təkrar baş veribsə, ömürlük həbs cəzası mümkündür.
İtaliya
İtaliyada 14 yaşdan kiçik uşaqlara qarşı cinsi əlaqə 6 ildən 12 ilə qədər həbs cəzası ilə nəticələnir. Əgər cinayətkar valideyn, müəllim və ya digər himayədar şəxsdirsə, bu cəza 20 ilə qədər uzadıla bilər. Təqsirkar şəxslər ictimai qeydiyyata düşür və onlara fəaliyyət məhdudiyyətləri tətbiq olunur.
Hindistan
Hindistan qanunvericiliyində “Uşaqların Cinsi İstismardan Qorunması Qanunu” (POCSO Act) əsasında: Penetrativ seksual zorakılıq minimum 10 il, maksimum ömürlük həbs, bəzi hallarda ölüm cəzası; Uşaq pornoqrafiyası, taciz və digər zorakı hərəkətlər də yüksək cəza ilə nəticələnir; Məhkəmələr həmçinin təqsirkarları maddi təzminata və ictimai xidmətə cəlb edir.
Kanada
Kanadada azyaşlılara qarşı cinsi istismara görə cəza 1 ildən başlayaraq ömürlük həbsə qədərdir. Qanunvericiliyə görə, istismar xarakterli cinsi münasibətlərdə konsent yaşı 18-dir. Cinsi cinayətkarlar xüsusi reyestrlərdə qeydiyyata alınır və ictimai nəzarətdə saxlanılır.
Qazaxıstan
Qazaxıstanda azyaşlılara qarşı seksual cinayətlərə görə 17 ildən 20 ilə qədər həbs cəzası, zor tətbiq edilmiş və ya təkrar hallarda isə ömürlük həbs tətbiq edilir. 2018-ci ildən etibarən kimyəvi kastrasiya qanuni əsasda icra edilə bilər. Təqsirkarlar dövlətin psixoloji nəzarət sisteminə daxil edilir.
Qırğızıstan
Qırğızıstanda bu cinayət növünə qarşı qanunvericilik sərtləşdirilib. Prezidentin təşəbbüsü ilə qəbul edilən dəyişikliklərə əsasən: Azyaşlılara qarşı cinsi istismar hallarında ömürlük həbs, şərti cəzanın istisnası və əmək amnistiyasına düşməmə kimi ciddi hüquqi tədbirlər qüvvədədir. Dövlət, cinayətkarların ictimaiyyətə açıqlanması və onların nəzarət altında saxlanılması üçün tədbirlər görür.