Azedu.az

Uşaqlar və YouTube: 16 yaşdan kiçiklər üçün rəqəmsal təhlükə

Xəbərlər

1 Avqust 2025, 09:06
Uşaqlar və YouTube: 16 yaşdan kiçiklər üçün rəqəmsal təhlükə

Məlum olduğu kimi, Türkiyədə azyaşlıların internet təhlükəsizliyi ilə bağlı mühüm qərar qəbul olunub. Ölkənin Rəqəmsal Yayım Platformaları və Sosial Media Tənzimləmə Şurası 16 yaşdan kiçik şəxslərin “YouTube” hesabı açmasının qarşısını almaq üçün yeni qaydalar tətbiq edəcəyini açıqlayıb. Yeni qərara əsasən, “YouTube” platformasında hesab yaratmaq istəyən istifadəçilər yaşlarını təsdiqləməli olacaqlar.

16 yaşdan aşağı olan şəxslərin isə platformaya üzv olmaları mümkün olmayacaq. Məqsəd uşaqları zərərli məzmuna qarşı qorumaq və onların onlayn təhlükəsizliyini təmin etməkdir. Bu addım uşaqların psixoloji və emosional inkişafına mənfi təsir göstərə biləcək videoların qarşısını almağa yönəlib. Qərarın tətbiqinin ardınca “YouTube” tərəfindən texniki və hüquqi nəzarət mexanizmlərinin gücləndiriləcəyi də gözlənilir.

Qeyd edək ki, Avstraliya da “YouTube” platformasını 16 yaşdan aşağı uşaqlar üçün qadağan olunmuş sosial şəbəkələr siyahısına əlavə edib.

Müasir dövrdə texnologiya və internet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə “YouTube” kimi platformalar gənc nəslin gündəlik fəaliyyətlərinə böyük təsir göstərir. Lakin 16 yaşdan kiçik şəxslərin YouTube hesabı açması və aktiv şəkildə istifadə etməsi ciddi problemlərə yol aça bilər. Bəzi uşaq və yeniyetmələr internetdəki təhlükələrdən xəbərsizdirlər. YouTube hesabı açarkən şəxsi məlumatlar - ad, soyad, doğum tarixi, e-poçt ünvanı və s. daxil edilir. Bu məlumatlar bəzən üçüncü şəxslər tərəfindən istifadə oluna bilər. 16 yaşdan kiçik şəxslər özlərini qorumağı hələ tam öyrənmədiklərindən, bu cür məlumat paylaşımı onların təhlükəsizliyini risk altına salır.

Uşaqlar YouTube platformasında tənqidlərə və kiberbullinqə məruz qala bilərlər. Bu cür vəziyyətlər onların özünəinamını azaldır və psixoloji sarsıntılara səbəb olur. Yetkin insanlar belə onlayn təzyiqlərlə mübarizə aparmaqda çətinlik çəkərkən, uşaqlar üçün bu, daha da çətin ola bilər.

16 yaşdan kiçik şəxslərin əsas vəzifəsi təhsil almaqdır. Lakin YouTube istifadəsi bəzən vaxtın səmərəsiz keçməsinə, dərslərin ikinci planda qalmasına səbəb olur. Saatlarla videoya baxmaq və ya kontent yaratmaq uşağın gündəlik rejimini pozur.

Müəllim Səma Kazımovanın sözlərinə görə, YouTube və oxşar platformalar 16 yaşdan kiçik şagirdlər üçün maarifləndirici vasitə ola bilsə də, nəzarətsiz və məhdudiyyətsiz istifadə ciddi fəsadlara yol aça bilər. Bu yaşda olan uşaqların psixoloji və əxlaqi baxışları hələ tam formalaşmayıb. Ona görə də sosial media məzmunlarını süzgəcdən keçirməkdə çətinlik çəkirlər: ”YouTube-də sürətli, parlaq və emosional cəlbedici videolar uşaqlarda qısa diqqət intervalı, dərsə marağın azalması və tənbəllik vərdişi formalaşdıra bilər. Bir pedaqoq olaraq dərs prosesində YouTube istifadəsi ilə bağlı hallarla tez-tez rastlaşıram. Bəzi şagirdlər dərsə fokuslanmaqda çətinlik çəkir, çünki beyinləri daim əyləncəli və tez dəyişən görüntülərə adaptasiya olunub. Bu isə onların akademik performansına və uzun müddətli düşünmə qabiliyyətinə mənfi təsir göstərir”.

Səma Kazımova valideyn və müəllimləri bu məsələdə ortaq məsuliyyət daşımağa çağırır: “YouTube-ni qadağan etmək yox, onun yaşa uyğun, nəzarətli və tədris yönümlü istifadəsini təşviq etmək lazımdır. Əks halda, bu platformalar uşaqları real həyatdan uzaqlaşdıraraq, passiv və tənqidi düşüncədən uzaq bir gənclik formalaşdıra bilər. 16 yaşdan kiçik uşaqlar üçün YouTube hesabı açmaq onların psixoloji, sosial və fiziki inkişafına zərər verə bilər. Bu səbəbdən valideynlər və müəllimlər uşaqların internetdən istifadəsinə nəzarət etməli, onlara uyğun və faydalı kontentlərlə tanış olmağa kömək etməlidirlər. Texnologiya faydalıdır, lakin onun düzgün və yaşa uyğun istifadəsi daha önəmlidir”.

YouTube-da paylaşılan videoların bəziləri uşaqlar üçün zərərli ola bilir. Agressiv, qorxulu, ya da yaşa uyğun olmayan məzmunlar onların psixologiyasına mənfi təsir göstərir. Həmçinin, sosial mediada "like", "izlənmə sayı" kimi göstəricilər uşaq və yeniyetmələrdə asılılıq, özgüvənsizlik və depressiya kimi problemlər yaradır.

Həkim-psixoloq Arifə Məmmədova deyir ki, 16 yaşdan kiçik uşaqların YouTube hesabı açaraq müstəqil kontent istehsal etməsi və ya ictimai şəkildə paylaşım etməsi onların psixoloji inkişafına mənfi təsir göstərə bilər: “Bu yaş qrupu hələ şəxsiyyətini formalaşdırmaq mərhələsindədir. Onların tənqidə qarşı dözümlülüyü zəifdir və sosial mediadan gələn təzyiqlər - bəyənmələr, şərhlər, izləyici sayı - onların öz dəyər hissini süni şəkildə formalaşdırır. Uşaqların bir-birinə müraciət forması, salamlaşması, sağollaşması, bir-biriləri haqqında fikir bildirmələri – bütün bu davranışları sözügedən platformalarda gördükləri modellərlə formalaşır. Bu, birbaşa insanın intellekti və sosial qarşılıqlı əlaqələri ilə bağlıdır. Özünü qiymətləndirmə, dəyərləndirmə, cəmiyyətdə təsdiqləmə və şəxsiyyətin tam formalaşması baxımından uşaqlar artıq valideynlərini deyil, hər gün asılı olduqları platformada gördükləri insanları nümunə götürürlər. Oradakı insanlar onların gözündə ideal, etalon olur. Onlar da düşünürlər ki, həyat yalnız bu şəkildə yaşanmalıdır, bu gedişat normaldır”.

Psixoloqun fikrincə, sosial media platformaları uşaqlarda real və virtual dünyanı ayırd etmək qabiliyyətini zəiflədir, bu da sosial narahatlıq, özgüvənsizlik və hətta depressiya riskini artırır: “YouTube-də aktiv olmaq, izləyici qazanmaq üçün davranış və xarici görünüşü süni şəkildə dəyişmək istəyi yaranır. Bu isə onların təbii inkişafına mane olur və özünü olduğu kimi qəbul etmə bacarığını azaldır”.

Arifə Məmmədova hesab edir ki, Azərbaycanda da 16 yaşdan kiçik şəxslərin “YouTube” hesabı açmasının qarşısını almaq üçün qaydaların tətbiqinə ehtiyac var: “Uşaqların “YouTube” hesabı açması, istifadəsi qəti şəkildə qadağan olunmalıdır: “Mən deyərdim ki, bu qadağa 18 yaşa qədər tətbiq olunmalıdır. Uşaq artıq yetkinlik yaşına çatdıqdan sonra istifadəyə icazə verilməlidir ki, onda nə etdiyini dərk edə bilsin. O vaxta qədər isə verilən zərərin qarşısını almaq mümkün olmayacaq. Məqsəd rəqəmsal istifadəni qadağan etmək yox, valideyn nəzarəti, digital savadlıq və yaşa uyğun məzmun strategiyası qurmaqdır”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Azərbaycanda internet inkişaf etdikcə, internetin sürəti artdıqca, evlərə daha böyük sürətli internet girdikcə əlbətdə burda uşaqlarla, onların təhlükəsizliyi ilə bağlı da müəyyən tədbirlərin görülməsi və güclənməsinə ehtiyac yaranır: “İnternetin gücləndiyi bir vaxtda uşaqların informasiya təhlükəsizliyi də qorunmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, beynəlxalq normalar var. Buna görə azyaşlılarla bağlı alınan informasiyalar da, uşaqların psixoloji durumuna təsir edəcək informasiyalarla, ümumiyyətlə informasiya təhlükəsizliyinin qorunmasıyla bağlı müəyyən tələblər var. Yəni sistem elə bir formada qurulmalıdır ki, internetdən istifadə edərkən bu təhlükəsizlik qorunsun. Düşünürəm ki, bu istiqamətdə son dövrlərdə Azərbaycanda müəyyən addımlar atılıb. Yəni tədbirlər keçirilir, məlumatlar yayılır, amma mən hesab edirəm ki indiki dövrdə internetin sürəti yüksəldikcə görüləcək tədbirləri daha da gücləndirmək lazımdır. Xüsusən də ailələrdə valideynlərin bir çoxu bu informasiya təhlükəsizliyi ilə bağlı məsələlərdən xəbərsiz olduğuna görə bunlara kömək göstərilməlidir. Təhsil müəssisələri, cəmiyyət, hökümət tərəfindən yardım göstərilməlidir".

Nərmin Qarazadə

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox