Avstraliyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Western Sydney University (WSU) Hindistanda ilk beynəlxalq kampusunu açacağını elan edib. Yeni kampus 2026-cı ilin avqust ayında Hindistanın Greater Noida şəhərində fəaliyyətə başlayacaq.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, bu addım Hindistan və Avstraliya arasında artan təhsil əməkdaşlığının bariz nümunəsi kimi qiymətləndirilir. Yeni kampusda İT, mühəndislik, biznes və digər sahələr üzrə bakalavr və magistr proqramları təklif olunacaq. Tələbələr Hindistanda təhsil alaraq, Avstraliya universitetinin diplomunu əldə edəcəklər.
Universitet rəsmilərinin bildirdiyinə görə, layihə həm maliyyə cəhətdən sərfəli təhsil axtaran yerli tələbələr, həm də regionda yüksəkkeyfiyyətli beynəlxalq diplom əldə etmək istəyənlər üçün geniş imkanlar yaradacaq.
Hindistanın təhsil naziri bu təşəbbüsün "milli təhsil siyasətinin (NEP 2020) beynəlxalqlaşma hədəfləri ilə üst-üstə düşdüyünü" və ölkədə xarici universitetlərin fəaliyyətinə yaşıl işıq yandırıldığını bildirib.
Western Sydney University-nin Hindistan kampusu Avstraliyanın bu ölkədə açacağı ilk dövlət universiteti kampusu olacaq. Ekspertlər bu addımı Cənubi Asiyada beynəlxalq ali təhsilin inkişafında dönüş nöqtəsi kimi qiymətləndirirlər.