Azedu.az

Etibar Əliyev kimdir? - Sabiq deputatın təhsil və elmdə iz qoyan fəaliyyəti

Xəbərlər

30 İyul 2025, 08:53
Etibar Əliyev kimdir? - Sabiq deputatın təhsil və elmdə iz qoyan fəaliyyəti

AzEdu.az Təhsil Portalı yeni silsilə araşdırmasına start verib.

Belə ki, layihə çərçivəsində ölkənin təhsil gündəmində aktiv şəkildə çıxış edən təhsil ekspertlərinin orta, ali və ümumilikdə təhsil sahəsindəki fəaliyyətləri barədə ictimaiyyətə geniş məlumat təqdim olunacaq.

Araşdırmamızın əsas məqsədi  “təhsil eksperti” adını qazanan şəxslərin bu mərhələyə gələnədək keçdikləri yol, əldə etdikləri uğurlar və göstərdikləri zəhməti geniş auditoriyaya çatdırmaqdır.

Bu dəfə araşdırmamızda sabiq deputat Etibar Əliyev var. 

O, təhsil eksperti statusundan imtina etsə də uzun illər təhsilin gündəmi ilə bağlı fikirlərini aktiv şəkildə  ictimaiyyətə ötürmüşdür. 

Sabiq deputat öz fəaliyyətini oxucularımıza belə təqdim edib:

"Bu çox maraqlı bir layihədir. Ümumiyyətlə, bütün sahələrdə ekspertlərin olması vacibdir, çünki bu, cəmiyyətin tələbidir. Ekspertlər fərqli yanaşmalar sərgiləməklə, şübhəsiz ki, bir mənalı şəkildə bütün sahələrdə neqativ halların üzə çıxarılmasına, həmçinin tədqiqatlarla bağlı ictimaiyyətin məlumatlandırılmasına mühüm töhfə verirlər.

Çox maraqlıdır ki, təhsil bəlkə də elə bir sahədir ki, burada ekspertlər digər sahələrlə müqayisədə daha çoxdur. Təəssüflər olsun ki, elm, səhiyyə, kənd təsərrüfatı kimi sahələrdə bu qədər ekspertlərlə rastlaşmırıq. Ola bilər ki, təhsil sahəsində ekspertlərin bu qədər çox olması, bəzi şəxslərin təhsili daha sadə sahə kimi qəbul etməsindən irəli gəlir. Halbuki təhsil olduqca mürəkkəb bir sahədir. Təhsil həm bir sistemdir, həm də proses. Şübhəsiz ki, ekspertlər də elm və təhsil sahəsində ixtisaslaşmalıdır. Bu sahədə onların aldıqları təhsil və fəaliyyəti mühüm rol oynayır.

Mənim qısa bioqrafiyam və fəaliyyətim bundan ibarətdir:

Mən 1986-cı ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişəm. Fəlsəfə üzrə fəlsəfə doktoruyam. Təhsil sahəsində bir neçə kitabım, mindən çox məqaləm var. 2005-ci ildə isə ölkədə təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının sayı çox az idi. Həmin dövrdə yaradıcılarından biri olduğum “ 21-ci Əsr Təhsil Mərkəzi” İctimai Birliyi bu sahədə bir sıra mühüm layihələr həyata keçirdi.

Birliyin çərçivəsində ondan çox kitab yazıldı, təhlillər aparıldı, konfrans və ictimai dinləmələr təşkil olundu. O vaxtlar ölkədə təhsil eksperti anlayışı demək olar ki, yox idi. 3-4 nəfər bu sahədə fəaliyyət göstərirdi. “Təhsil eksperti” anlayışını ilk dəfə mən işlətmişdim və bu səbəbdən müəyyən təzyiqlərlə qarşılaşmışdım. Bəzi şəxslər sual edirdi: “Sizə bu adı kim verib?” Halbuki "ekspert" sözü latıncadan gəlir və “təcrübəli” mənasını verir.

Ondan əvvəl 12 il Təhsil Nazirliyində işləmişdim. Daha sonra Odlar Yurdu Universitetində və Aviasiya Akademiyasında uzun müddət fəlsəfə və sosial elmləri tədris etmişəm. Nəticədə, zamanla təhsil sahəsində ekspertlərin sayı artdı və bu gün ən çox ekspert məhz bu sahədə fəaliyyət göstərir.

Təhsil ekspertləri yalnız nazirlik rəsmilərinin, Dövlət İmtahan Mərkəzinin və ya ali məktəb rəhbərlərinin çıxışlarını təhlil etməklə kifayətlənməməlidir. Onlar özləri də müstəqil şəkildə araşdırmalar aparmalı, məqalələr yazmalı, təhlillər etməlidirlər. Bu, ekspertlik institutunun möhkəmlənməsi üçün vacibdir.

Bu gün sizin sayt vasitəsilə bəyan edirəm ki, mən artıq təhsil eksperti yükünü və məsuliyyətini öz üzərimdən götürürəm. Artıq bu sahədə deyiləm. Mən elmlə məşğulam və elmin populyarlaşdırılması istiqamətində fəaliyyət göstərirəm. Bu, çox vacib və əhəmiyyətli bir sahədir. Məktəb şagirdləri və tələbələr üçün elmin əlçatan olmasına çalışıram. Yaxın vaxtlarda elmin populyarlaşdırılması ilə bağlı saytımız da fəaliyyətə başlayacaq. Bu baxımdan, mən təhsil eksperti adından rəsmi şəkildə imtina edirəm və fəaliyyətimi sırf elmi istiqamətdə davam etdirirəm. Sosial şəbəkə hesabımda müxtəlif elmi kitabları təbliğ edirəm. Düşünürəm ki, gələcəkdə “mütaliə klubu” layihəsi də reallaşdırılmalıdır. Təhsil ekspertlərinə isə uğurlar arzulayıram.

Vaxtilə ölkəmizdə çox güclü, savadlı və elmi biliklərə malik təhsil ekspertləri fəaliyyət göstərirdilər. Onların sırasında böyük məmnuniyyətlə Məlahət Müşfiqli və Əlövsət Osmanlı adlarını çəkə bilərəm. Nabatəli Qulamoğlu da çox yaxşı təhsil ekspertidir, hərçənd son zamanlar onu ekspertlər sırasında görmürəm.

Gənc təhsil ekspertlərinə isə tövsiyəm odur ki, daha çox öyrənməyə, daha dərindən təhlil aparmağa, müqayisəli təhlillərə üstünlük verməyə çalışsınlar". 

Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox