Yay aylarında temperaturun yüksəlməsi ilə qida məhsullarının tez xarab olması riski artır. Bu isə xüsusilə uşaqlar arasında qida zəhərlənmələrinin artmasına səbəb olur.
Uşaqların yay aylarında ən çox zəhərləndiyi qidalar hansılardır?
AzEdu.az mövzu ilə bağlı araşdırma edib.
Yay mövsümündə havaların isinməsi ilə qida təhlükəsizliyi məsələləri daha da aktuallaşır. Mütəxəssislərin fikrincə, xüsusilə uşaqlar arasında qida zəhərlənmələri yayda daha çox baş verir. Bunun əsas səbəbi isə yüksək temperaturda bəzi qidaların tez xarab olması və gigiyena qaydalarına əməl olunmamasıdır.
İlk sırada süd və süd məhsulları qatıq, pendir, dondurma və digər soyuma tələb edən məhsullar dayanır. Bu məhsullar isti havada düzgün şəraitdə saxlanmadıqda Salmonella və Listeria kimi təhlükəli bakteriyalara səbəb ola bilər. Daha sonra yumurta və yumurta əsaslı qidalar gəlir. Xüsusilə çiy və ya yarıbişmiş yumurtadan hazırlanan yeməklər uşaqlar üçün ciddi risk daşıyır. Ət və toyuq məhsulları da yayda zəhərlənmə hallarının əsas səbəbləri sırasındadır. Bu məhsullar düzgün bişirilmədikdə və ya uzun müddət otaq temperaturunda saxlanıldıqda E.coli, Campylobacter kimi bakteriyaların çoxalmasına şərait yaradır.
Dəniz məhsulları, kremli şirniyyatlar, buzlu içkilər, eləcə də küçə yeməkləri də yüksək riskli qidalar hesab olunur. Küçədə satılan və gigiyenik şəraitdə hazırlanmayan məhsullar, uşaqların orqanizminə ciddi zərər verə bilər. Meyvə və tərəvəzlər isə hər nə qədər sağlam qida sayılsa da, düzgün yuyulmadıqda zəhərlənmə riski daşıyır. Torpaqla təmasda olan, yaxud çirkli su ilə yuyulan məhsullar parazit və bakteriya daşıyıcısına çevrilə bilər.
Bülə ki, uşaqlara yalnız təzə və düzgün saxlanılan qidalar verilməli küçədən alınan dondurma və digər yeməklərdən uzaq durmaq tövsiyə olunur və meyvə-tərəvəzlər bol su ilə yuyulmalı, çiy ət və yumurta məhsullarından çəkinilməlidir. Yay aylarında qida zəhərlənməsinin əsas əlamətləri qarın ağrısı, qusma, ishal və hərarət kimi hallar müşahidə olunduqda dərhal həkimə müraciət olunmalıdır.